Logo
    main-post-cover

    Waymo və Zoox-un robotaksiləri test sürücülərinə xəsarət yetirib

    Nəqliyyat
    27.08.2026
        Robotaksi xidmətlərinin sürətlə genişlənməsi təhlükəsizliklə bağlı yeni problemi üzə çıxarıb. Waymo və Zoox-un avtonom avtomobillərini real yollarda sınaqdan keçirən test sürücülərinin bir qismi avtomobillərin qəfil və sərt əyləcləməsi nəticəsində xəsarət alıb. TechCrunch-ın ABŞ Əməyin Təhlükəsizliyi və Sağlamlığı Administrasiyasına (OSHA) təqdim edilmiş məlumatlar əsasında apardığı araşdırmaya görə, 2024 və 2025-ci illərdə Waymo və Zoox avtomobillərində baş verən qəfil əyləcləmə və digər kəskin manevrlər nəticəsində 20-dən çox test əməkdaşı xəsarət alıb. Xəsarətlər arasında əzələ və bağ dartılmaları, burxulmalar, boyun travmaları və digər zədələr var. Bəzi əməkdaşlar aldığı xəsarətlərə görə həftələrlə, hətta aylarla işdən uzaq qalmalı olub.
        Waymo-nun test sürücülərini işə götürən və idarə edən Transdev şirkəti üç şəhərdə Waymo avtomobilləri ilə əlaqəli ümumilikdə 16 belə xəsarət barədə məlumat verib. Zoox-da isə sərt əyləcləmə ilə əlaqəli 8-ə qədər işçi xəsarəti qeydə alınıb. Waymo ilə bağlı göstəricilər şirkətin robotaksi fəaliyyətini genişləndirməsi fonunda artıb. 2024-cü ildə San-Fransisko, Los-Anceles və Feniksdə 5 test sürücüsünün xəsarət aldığı bildirilirdisə, 2025-ci ildə bu rəqəm 11-ə yüksəlib. Hadisələrin əksəriyyətində əsas səbəb avtomobilin qəfil sərt əyləcləməsi olub. Ən ciddi hadisələrdən biri 2025-ci ilin sentyabrında Feniksdə baş verib. Hesabata əsasən, avtomobil qarşısında hər hansı maneə olmadığı halda qəfil sərt əyləcləyib və test əməkdaşı aldığı xəsarətə görə 157 gün işə çıxa bilməyib.
    WAYMO on SF freeway
        Los-Ancelesdə baş verən başqa hadisədə isə avtomobil yolunda oynayan uşaqları gördükdən sonra sərt əyləcləyib. Nəticədə avtomobildəki əməkdaş xəsarət alaraq 175 gün işdən uzaq qalıb. Zoox-un test avtomobillərində də oxşar problem müşahidə olunur. Şirkətin test əməkdaşlarının sözlərinə görə, daxildə “brake jab” adlandırılan qəfil əyləcləmələr bəzi test səfərləri zamanı bir neçə dəfə baş verə bilir. Sistem bəzən yoldakı maneəni aşkarladıqda və ya səhvən maneə olduğunu düşündükdə avtomobili sərt şəkildə dayandırır. Daha təhlükəli hallardan biri isə Zoox daxilində “nogo” adlandırılan sistemin tam dayanmasıdır. Belə vəziyyətdə avtomobil yüksək sürətlə hərəkət edərkən qəfil əyləcləyə bilər və test sürücüsü dərhal idarəetməni ələ almalı olur.
        2025-ci ilin yanvarında San-Fransiskoda Zoox-un avtonom rejimdə hərəkət edən test avtomobili qəfil əyləcləyib. Avtomobildəki əməkdaşın çiyin və qol nahiyəsi zədələnib və o, 16 gün məhdud iş rejimində çalışmalı olub. Həmin ay başqa bir sürücü də gözlənilməz əyləcləmə nəticəsində boyun və çiyin nahiyəsindən xəsarət alıb. Waymo sərnişinlərin, yol hərəkəti iştirakçılarının və əməkdaşlarının təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb. Şirkətin sözlərinə görə, tam avtonom avtomobillərin istifadəyə verilməsi prosesində insan operatorlarla on milyonlarla kilometr yol qət edilib və testlərdən əldə olunan məlumatlar xidmətin təkmilləşdirilməsində istifadə olunur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...