
'Blade Runner 2049' filmi (İCMAL)
Oyun və Film
10.10.2017
Emil
Robot David: Nəyə görə siz insanlar məni yaratdınız?
Charlie: Yaratdıq çünki bunu bacarırdıq.
Robot David: Düşünürəm ki, siz də öz yaradıcınızdan bu cür cavab eşitsəydiniz məyus olardınız.
"Prometheus" filmindən bir dialoq.
35 il bundan öncə məşhur rejissor
Ridley Scott-un “Blade Runner”
adlı filmi təqdim olundu. Həmin vaxtda film, tənqidçilər və izləyicilər tərəfindən
o dərəcədə mənfi rəylər aldı ki, o, kommersiya cəhətdən uğursuz oldu. Mənfi rəylərin
əsas səbəbi isə sadəcə olaraq insanların həmin filmi başa düşməmələri idi.
Lakin illər keçdi və film nəinki kiberpunk janrının, həmdə dünya
kinematoqrafiyasının klassikası hesab edildi. 35 ildən sonra məhz bu il məşhur
filmin ikinci hissəsi olan “Blade Runner 2049”, izləyicilərə təqdim olundu.
Ümumiyyətlə ilk baxışdan ikinci film bir qədər mənasız gəlirdi. Çünki birinci
film özü-özlüyündə tamamlanmış bir hekayə idi.

Lakin rejissor qismində Denis
Villeneuve-un (keçən ilki “Arrival”
filmini çəkmiş rejissor) iştirakı, ümid yeri qoyurdu. İlk film öz mühiti və gələcək
dünyanın aurası, problemləri, personajları və ümumi mövzusu ilə izləyicilərin
yaddaşına həkk olunmuşdu. Lakin Denis Villeneuve da Ridley Scott kimi bu işin
öhdəsindən gələ bilib mi?
Filmi izlədikdən sonra başa düşdüm ki, bəli öhdəsindən lazımi şəkildə gəlib.
Lakin rejissorun nə qədər möhtəşəm iş görməsinə baxmayaraq o yenə də birinci
filmə bəzi səbəblərə görə uduzur. Birinci filmi keçməsə də ikinci filmi laiqli
davamçı adlandırmaq olar.

İlk öncə onu qeyd etməliyəm ki, “Blade Runner 2049”-u
izləmək üçün əvvəlcə orijinal “Blade Runner” filmini izləmək lazımdır. Çünki bu
iki film bir-birilə əlaqəlidir və izləyici ilk öncə bu dünyanın ilk strukturu
ilə tanış olmalıdır. İkincisi, izləyicilər özlərini demək olar ki, 3 saatlıq
xronometraja hazırlamalıdırlar. Çünki yeni film məhz bu qədər gedir. Ən əsası
isə filmdən tam zövq almaq üçün ona, action və ya macəra tipli film nöqteyi nəzərdən
baxmaq lazım deyil. Çünki bir çox gənclərin rəylərini müşahidə edəndən sonra
anladım ki, bu film əslində gənclər üçün nəzərdə tutulmayıb.

Bu, sosial
problemləri özündə daşıyan sözün əsl mənasında ağıllı fantastik filmdir hansı
ki, izləyicini daima düşündürür. İndi isə filmin süjet xətti barədə qısa məlumat
verərək əsas icmala keçid edək. Deməli ilk filmdəki hadisələrdən 30 il keçib və
Yer üzündə 2049-cu il hökm sürür. İnsanlar, qlobal fəlakətdən əziyyət çəkirlər və
replikantlara (süni şəkildə yaradılmış qul insanlar) Yer kürəsində yaşamağa
yenidən icazə verilib. Niander Wallace adlı maqnat, insanları aclıqdan xilas edərək
yeni nəsil replikantları istehsal edir. Köhnə model replikantlar isə cinayətkar
hesab olunurlar və onların məhv edilməsi üçün Blade Runner adlı xüsusi polis
üzvləri fəaliyyət göstərir. Həmin Blade Runner-lərdən Birinin də adı K-dır.

Filmin ilk dəqiqələrindən Denis
Villeneuve-nin xüsusi üslubu nəzərə çarpır. Onun yaratdığı dünya, Ridley
Scott-un yaratdığı dünyadan tamamilə fərqlənir. Bu baxımdan yeni rejissor,
Ridley Scott-u təkrarlamayaraq öz dünyasını yaradır. Denis Villeneuve əsasən də
panorama çəkilişlərini mükəmməl şəkildə reallaşdırıb. Cansız göydələnlər arasında
uçan kamera, maraqlı musiqi sədaları və ani səslənən gur səslər sayəsində
insanı, bu dünyanın aurasına cəzb edir. Ümumiyyətlə musiqi ilə çalışmağı bu
rejissor yaxşı bacarır.

O bilir ki, hansı anda ani səsləri, hansı anda isə
musiqini işə salmaq lazımdır. Nəticədə baş verən hər şeyin irimiqyaslı
olmasından izləyicinin tükləri biz-biz olur. Ridley Scott-un filmindən fərqli
olaraq Denis Villeneuve-un
filmi daha boz rənglərdə tərtib olunub. Yeni filmdə də, ilk filmdəki
kimi neon işıqlara rast gəlinir. Lakin əsas üstünlük boz rənglərə verilib. Nəticədə
izləyicidə çıxılmaz vəziyyət hissi yaranır. Sanki o özü həmin dünyada yaşayır və
çıxılmaz vəziyyətdə qaldığı üçün bir növ mənfi fikirlərə qərq olur. Belə bir mühitin
yaradılmasına görə Denis Villeneuve-yə ayrıca təşəkkürlər.

Ümumiyyətlə
rejissor, izləyicini tez bir zamanda hadisələrin mərkəzinə atmır. Hadisələr
harmonik və ləng şəkildə cərəyan edir. Bu müddət ərzində isə ilk filmdə izləyiciyə
təqdim olunmamış bir sıra məlumatlar verilir. Məsələn, əslində replikantlar,
robot deyil, genetik təkmilləşdirilmiş süni insanlardır. Buna görə də onlar,
adi insandan fərqlənmirlər. Aktyorlara gəldikdə isə K obrazını, Ryan Gosling
canlandırıb. Müəyyən dərəcədə o öz rolunun öhdəsindən gəlib. Ola bilər ki,
personajın standart və bütün film boyu təkrarlanan üz mimikası, izləyicini
qıcıqlandırsın. Lakin burda aktyorun günahı yoxdur. O sadəcə olaraq ssenaristlərin
hazırladıqları material üzrə öz rolunu canlandırıb.

Lakin onun cəhdlərinə
baxmayaraq o, ilk filmdəki Rick Deckard (Harrison Ford) obrazının
xarizmatikliyinə çata bilmir. K-in sevgilisi Joi (Ana de Armas), polis rəisi leytenant Joshi (Robin Wright) kimi personajlar ilk baxışdan maraqlı alınsalar da onların xüsusi hekayələrinin
və keçmişlərinin olmaması, həmin personajları boş və sıxıcı edir. Lakin bununla
yanaşı rejissor həmin personajlara aid gizli ismarıclar verib. Onları qeyd etmək
istərdim amma spoiler olacağından qorxuram. Həmin gizli anları tuta bilən izləyici,
filmdən tam zövqünü alacaq. Əsasən də baş qəhrəmanın sevgilisi Joi ilə bağlı
çox möhtəşəm səhnələr var. Həmin səhnələri izləyən zaman onların bitməməsini
istəyirsən.

Filmin ən böyük uğursuzluğu isə mənfi personaj barəsindədir. Mənfi
obrazda, icmalın əvvəlində qeyd etdiyim Niander Wallace adlı personaj çıxış
edir. Əslində filmi izlədikdə və daha sonra onu analiz etdikdə görmək olar ki,
onu heç mənfi obraz da hesab etmək olmaz. O sadəcə olaraq insanların rifahı
üçün ən dəhşətli işləri görə biləcək bir şəxsdir. O özünü tanrı qismində təqdim
edir və filmdə bir çox dini tərzdə kəlamları söyləyir. Bir tərəfdən baş qəhrəman
ilə mənfi obrazın motivləri üst-üstə düşür.

Jared Leto-nun iştirakında təqdim
olunmuş mənfi obraz, birinci filmdə olmuş Roy Batty (aktyor Rutger Hauer) adlı
mənfi replikant obrazının heç yanında da durmur. İlk filmdə Rutger Hauer-in
final səhnədəki monoloqu nəyə desəz dəyər. Bir tərəfdən isə yeni filmdə baş mənfi
obraz əslində ikinci plana keçir və bütün diqqət ətraf mühitə və həmin ətraf
mühitdə olan hadisələrə ayrılır. Və sonda Harrison Ford-u qeyd etmək lazımdır.
Onun rolu filmdə o qədər də böyük olmasa da, bütün filmə rəng qatan əsas səbəblərdən
biridir. Onun hər dəfə ekranda görünməyi, ilk film üçün nostalji hisləri
oyadır.

İlk film, kimin replikant, kimin
insan olmasını aşkar etmək haqqında idisə, ikinci film, replikantların əsl
insan ola bilmələri sualını ortaya qoyur. Əvvəldə də dediyim kimi bu, bir növ
fantastik janrda çəkilmiş detektiv artxausdur və hər adam onu başa düşə və qəbul
edə bilməz. Yeni “Blade Runner 2049”, şedevr olmasa da, yaxşı şəkildə
reallaşdırılmış ağıllı filmdir. Onun sonu elə tərzdə bitir ki, sanki
yaradıcılar bizə, davamının olacağını söyləmək istəyirlər. Hər halda belə bir
halda əgər rejissor yenidən Denis Villeneuve seçilsə, 3-cü hissədən imtina etmək
qeyri-mümkün olardı.

Çünki Blade Runner dünyası çox böyükdür və onda hələ
danışılmamış bir çox əhvalatlar var. Fikrimcə həmin dünyanın növbəti hekayəsini
izləmək heç də pis olmazdı. Kimin replikant, kimin isə əsl insan olduğu bilinməyən
cəmiyyətdə yaşamaq sözsüz ki, çətin olardı. Və belə bir cəmiyyəti, Denis
Villeneuve, çox mükəmməl şəkildə əks etdirib. Əgər ağıllı və fantastik bir film
izləmək istəyirsinizsə, onda “Blade Runner 2049”a mütləq baxın. Başqa halda isə
film sizə çox darıxdırıcı gələcək və zalda yatıb qalmaq ehtimalınız da çox
böyükdür.

Hər şey, izləyicinin, filmi hansı nöqteyi nəzərdən izləməsinə
bağlıdır. Hər halda bu film, son illərin ən yaxşı kiberpunk filmi adına
laiqdir. Sonda isə qeyd etmək lazımdır ki, filmi mütləq IMAX formatında izləyin.
Çünki söhbət kiberpunk janrından gedir və bu halda filmdə baş verən bütün hadisələri
yaxşı hiss etmək və dünyanın boz aurasına qərq olmaq üçün IMAX formatından
yaxşısı yoxdur. Bunu isə ParkCinema IMAX kinoteatrında edə bilərsiniz. “Blade
Runner 2049” filminin seansların haqqında məlumatı, ParkCinema-nın saytından əldə
edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
