Christopher Nolan-ın yeni mükəmməl filmi 'Dunkirk' (İCMAL)

23.07.2017 0 PAYLAŞIM 1708 OXUNMA

Hər bir insan, digərinə yardım etmək instinktinə sahibdir. Əgər alpinist dağlarda itsə, onda onun axtarışı üçün bir çox insanlar axtarış səfərbirliyi elan edərlər. Hardasa zəlzələ baş tutsa, onda bir çox dövlətlər öz humanitar yardımlarını göstərəcəklər. Bu instinkt hər bir mədəniyyətdə mövcuddur

“The Martian” filmindən.

Əslində “Dunkirk” filmini izləyib bəyənmiyən insanları başa düşürəm. Çünki günümüzdə bir çoxları tərəfindən dahi rejissor hesab olunan Christopher Nolan-dan hamı maraqlı və dolaşıq süjet xəttinə sahib film gözləyir. Biz artıq onun “Inception”, “Interstellar”, “Memento” və “The Prestige” kimi filmlərini izləmişik və bilirik ki, bu filmlərdə süjet xətti dolaşıq və maraqlıdır. Həmin filmlər hər dəqiqə izləyicini həyəcanda saxlamağı bacarır. Düzü bu cür filmlərdən sonra onun, müharibə dramı janrında film çəkəcəyini biləndə çox təəccübləndim və bir qədər şübhə içində qaldım ki, film bəlkə də uğursuz olacaq. Çünki Nolan ilk dəfə bu cür janra müraciət edirdi. Bundan əlavə olaraq Nolan, İkinci Dünya Müharibəsinin ən böyük düyüş hadisələrinə deyil, məhz Dunkirk əməliyyatına müraciət etdi. Lakin Nolan-ın çəkdiyi müharibə filmi, bu janrda çəkilmiş digər filmlərdən çox fərqlənir. Belə ki, Nolan bu filmdə qəhrəmanlıq və vətənpərvərliyi deyil, aciz qalmış əsgərlərin öz həyatlarını qurtarmaq üçün vəhşi döyüş meydanından necə qaçdıqlarını əks etdirib. Hər bir şəxs öz həyatını qurtarmaq üçün müəyyən vəhşi və ağılsız qərarlar qəbul edir. Bu müharibədir və sağ qalmaq üçün hər şeyi etmək məcburiyyətindəsən. Bir çox digər müharibə filmlərində gördüyümüz pafosa, bu filmdə rast gəlinmir. Siz burda partlayışdan bədəni ayrılmış əsgər cəsədləri və ya qan gölü görməyəcəksiniz. Lakin bununla yanaşı Nolan, filmdə olan müharibə abu-havasını çox yaxşı şəkildə izləyiciyə təqdim edib. Əsas icmala keçid etmədən öncə filmin süjet xətti haqıqnda qısa məlumat verim. Deməli 1940-cı ildə müttəfiqlər, Fransa uğrunda müharibədə almanlara uduzdular. Almanlar isə öz növbəsində fransız və britaniyalı əsgərləri dəniz kənarına sıxışdıraraq onları aviasiya vasitəsilə məhv etməyi planlaşdırırdılar. Aviasiya hücumlarına baxmayaraq britaniyalı əsgərlər öz doğma evinə, Dunkirk limanında qayıtmağa nail oldular. Bunun üçün onlara özəl gəmilər və qayıqlar kömək etdi. Yəni, əsgərlərin evakuasiyası üçün nəinki hərbçilər, həmdə adi vətəndaşlar da yardım etdilər.

Film çox mükəmməl şəkildə start götürür və həmin anda izləyicini, hadisələrin mərkəzinə atır. Filmdə isə hadisələr müxtəlif personajların gözü ilə 3 qısametrajlı hekayə kimi izləyiciyə təqdim olunur. Müəyyən anlarda həmin personajların hekayələri filmdə bir-birilə qarşılaşır. Hadisələr 3 yerdə cərəyan edir. Əsas xronometraj təbii ki, dəniz sahilinə ayrılıb və ordakı hekayə, aktyor Fionn Whitehead-in canlandırdığı Tommy personajını əhatə edir. Hadisələrin cərəyan etdiyi ikinci yer dənizdir. Burdakı hekayə, aktyor Mark Rylence-ın canlandırmış olduğu Mr. Dawson-u əhatə edir və o, Dunkirk limanındakı əsgərləri xilas etmək üçün ora öz kiçik qayığında yollanan personajı canlandırıb. Müharibənin üçüncü tərəfi isə göy üzündə canlandırılıb. Burdakı hekayə isə Tom Hardy-nin canlandırdığı Farrier adlı təyyarə pilotunu əhatə edir. O isə öz növbəsində insanları, almanların qırıcı təyyarələrindən qorumaq üçün nəzərdə tutulub. Filmdə bu 3 hekayə arasındakı keçidlər, yerində və mükəmməl şəkildə reallaşdırılıb. İzləyici hər an həyəcan içərisində olur. Bunun isə ən böyük səbəbi dahi Hans Zimmer-in soundtrack-dir. Soundtrack-da olan saniyə əqrəbinin geri sayım səsi sanki, əsgərlərin qurtuluş ümidlərinin sona çatdığını əks etdirir. Hər bir həyəcanlı dəqiqədə bu səsi eşitmək olar. Ümumiyyətlə Nolan, filmlərində soundtrack-lardan necə istifadə etmək lazım olduğunu yaxşı bilir. Məhz burdada o bu üsuldan istifadə edərək izləyicini daima həyəcanda saxlamağı bacarır. Əvvəldə də dediyim kimi burda vəhşi səhnələrə rast gəlinmir. Lakin bununla yanaşı müharibənin bütün dəhşəti əks olunub. Əsgərlər, limana gələn hər bir gəmiyə ayaq basmaq ümidi ilə gözləyirlər. Lakin nəticədə xilas mənbəyi ola biləcək gəmi də, sonda ölümə səbəb ola biləcək ən böyük təhlükə ola bilər. Filmdə həmçinin dialoqlar da azdır. Əslində onlara heç ehtiyac da yoxdur. Dialoqlarsız da bu film mükəmməl şəkildə görünə bilərdi. Dialoqların azlığı, filmdə baş verən hadisələrə diqqətlə köklənməyə və heç nəyə fikir ayırmamağa yardımçı olur. Lakin məni filmdə Nolan-ın reallaşdırdığı bir özəllik heyran etdi. Məsələ burasındadır ki, bu film, İkinci Dünya Müharibəsi haqqındadır. Lakin buna baxmayaraq filmdə almanlar ümumiyyətlə əks olunmayıblar. Buna baxmayaraq filmdə düşmənin varolması hissi izləyicini rahat buraxmır. Düşmən özü görünməsə də onun tərəfdən atılan bombalar və güllələr nəticəsində minlərlə əsgərlər vəfat edir. Düşməni göstərmədən onun varoluşunu izləyiciyə çatdırmağı bacarmaq. Nolan-ın əsl dahiliyi məhz bundadır. Təbii ki, bəzi mənfi cəhətlər də var. Məsələn baş rolda təqdim olunmuş personajları daha ətraflı şəkildə göstərmək olardı. Lakin bu cür mənfi xüsusiyyətlər heçdə filmə olan müsbət fikri pozmur. Əksinə belə də olmalıdır. Çünki bu film, qəhrəmanlıq sərgiləyən cəsur əsgərlərdən deyil, öz həyatlarını qurtarmağa çalışan adi insanlar haqqındadır.

Bu filmi, Nolan-ın ən yaxşı layihəsi hesab etmək olar mı? Fikrimcə xeyr. Çünki nəticə etibarilə bu filmdə inqilabi ideyalar, dolaşıq süjet xətti yoxdur. Bu sadəcə müharibə mövzusuna aid mükəmməl bir filmdir. Heç şübhəsiz “Dunkirk”, Nolan-ın ən yaxşı filmləri siyahısındadır. Əgər filmi izləyib bəyənməmisinizsə, onda onu analiz edin və digər müharibə filmləri ilə qarşılaşdırın. Həmin anda fərqi hiss edəcəksiniz. Filmi izləməyənlər üçün isə demək istəyirəm ki, yeni filmdə qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq Nolan-ın mükəmməl rejissorluq bacarığı nəticəsində bu cür gözəl film alınıb. “Dunkirk”, həyatlarını qurtarmağa çalışan adi əsgərlər və onlara köməklik etmək üçün həyatlarını təhlükəyə atan adi insanlar haqqındadır. Onu mükəmməl edən də məhz budur. Bundan artığını ondan gözləmək lazım deyil. Pafoslu səhnələr və qəhrəmanlıq haqqında film izləmək izləyirsinizsə, onda “Dunkirk” sizin üçün deyil. Sadaladıqlarımı digər müharibə filmlərində görə bilərsiniz. Nolan sadəcə olaraq dəhşətli hadisəni, qəhrəman əsgərlərin gözü ilə deyil, aciz qalmış əsgərlərin gözü ilə izləyiciyə çatdırmaq istəyib. Buna isə çox yaxşı şəkildə nail olub. Bu baxımdan film, izləyicini süjet xətti ilə deyil, izləyicinin öz hissləri və emosiyaları vasitəsilə heyrətləndirir və həyəcanlandırır. Nəticədə isə izləyici, Hans Zimmer-in mükəmməl soundtrack-na sahib keyfiyyətli şəkildə çəkilmiş müharibə filmini izləmiş olur. Sonda qeyd etmək lazımdır ki, Nolan bu filmi məhz böyük formatlı ekranlara nəzərən çəkib. Buna görə də “Dunkirk”i  məhz IMAX formatında izləmək lazımdır. Belə ki, bu formatda filmin operator işini daha yaxşı hiss etmək və görmək olar. Filmi isə IMAX formatında izləmək üçün izləyicilər ParkCinema IMAX kinoteatrına gedə bilərlər. “Dunkirk”in seansları barədə məlumatları ParkCinema-nın saytından əldə edə bilərsiniz.