
Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək
Proqram Təminatı
16.05.2024
Emil
Google şirkəti Android 15 üçün nəzərdə tutulmuş 5 yeni təhlükəsizlik funksiyasını anons edib. Anons edilmiş təhlükəsizlik funksiyaları istifadəçi məlumatlarının qorunmasına və smartfonun fiziki şəkildə oğurlanmasını mənasız etməyə hədəfləniblər. Birinci funksiya Theft Detection Lock adlanır. Bu funksiya fon rejimində çalışır və o, smartfonun şübhəli hərəkətlərini təyin edə bilir. Məsələn əgər oğru sizin smartfonunuzu götürüb qaçmağa başlasa, Theft Detection Lock adlı funksiya bunu təyin edəcək və smartfon bloklanacaq. Beləliklə sizin məlumatlarınız oğrunun əlinə keçməyəcək.
İkinci təhlükəsizlik funksiyası Remote Lock adlanır. Bu funksiya vasitəsilə istifadəçi distant şəkildə öz smartfonunu bloklaya biləcək. Bunun üçün sadəcə olaraq telefon nömrəsini bilmək kifayət edəcək. Söhbət, smartfonun standart bloklanması imkanından gedir. Hal-hazırda bənzər prosesi Google Find My Device tətbiqi üzərindən reallaşdırmaq mümkündür. Lakin Google Find My Device tətbiqi halında istifadəçi öz Google hesabının şifrəsini bilməlidir. Üçüncü təhlükəsizlik funksiyası Offline Device Lock adlanır. Sözügedən funksiya smartfonun internet bağlantısının kəsildiyi halda ekranının bloklanmasını reallaşdırır. Qeyd etmək lazımdır ki, smartfon oğrularının çox zaman atdıqları ilk addım məhz oğurladıqları smartfonlarının şəbəkə imkanlarını deaktiv etməkdir.
Dördüncü təhlükəsizlik funksiyasının adı qeyd edilməsə də onun çalışma prinsipi məlumdur. Məlumata əsasən dördüncü təhlükəsizlik funksiyası hətta smartfon ayarlarının sıfırlandığından sonra da istifadəçinin Google hesabının şifrəsini tələb edəcək. Üstəlik Android 15-də bu cür yoxlanışdan keçmədən Google Find My Device funksiyasını deaktiv etmək mümkün olmayacaq. Beşinci təhlükəsizlik funksiyası PIN kod vasitəsilə əlavə yoxlanışı əhatə edir. Sistem PIN kodu smartfonun müəyyən ayarlarının dəyişdirilmə cəhdi halında tələb edəcək. Bu cür ayarlara misal olaraq oğurlama funksiyasının deaktiv edilməsini və ekran blokununun şifrəsinin dəyişdirilməsini gətirmək olar. Bütün bu təhlükəsizlik funksiyaları Android 15-in stabil versiyasında istifadəyə veriləcək.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
