Apple iOS 27.3-ün sınaq versiyasını yeni sağlamlıq tətbiqi ilə təqdim etdi
Proqram Təminatı
04.11.2026
“Apple” 4 noyabrda “iOS 27.3” əməliyyat sisteminin ilk beta versiyasını tərtibatçılar üçün çıxarıb. Yeniləmədə süni intellektlə işləyən yeni “Health” tətbiqi yenidən sınaqdan keçirilir. Tətbiq daha əvvəl səbəbi açıqlanmadan “iOS 27.2” beta versiyasından çıxarılmışdı. Yeni “Health” gələn ay bütün istifadəçilərə təqdim ediləcək.
“Insights” bölməsi gün ərzində ürək, yuxu, fiziki hazırlıq, əsas sağlamlıq göstəriciləri və menstrual dövr barədə ümumi məlumat göstərir. “For You” hissəsində gündəlik vərdişlərə uyğun məsləhətlər verilir. Məsələn, istifadəçinin yuxusu ardıcıl bir neçə gecə pozularsa, tətbiq yatmazdan əvvəlki rejimi dəyişməyi məsləhət görə bilər. Burada klinik mütəxəssislərin hazırladığı video və məqalələr də var.
“Longevity” bölməsi ürək, yuxu, psixi vəziyyət, hərəkət, maddələr mübadiləsi, eşitmə və qidalanma göstəricilərinin zamanla necə dəyişdiyini təhlil edir. “Health Age” funksiyası “Apple Watch” məlumatlarına əsasən bədənin yaşa uyğun vəziyyətini göstərir. İstifadəçi A1c və LDL xolesterolu kimi laboratoriya nəticələrini də tətbiqə əlavə edə bilər. Evdə hərəkət qiymətləndirmələri zamanı “iPhone” kamerası və “Apple Watch” elastiklik, güc, tarazlıq və hərəkəti ölçür. Məlumatlar cihazın özündə işlənir, video çəkilmir, saxlanmır və paylaşılmır.
“Apple Fitness+” xidmətinə əlavə olunan “Gym Strength” funksiyası 4 həftəlik fərdi güc məşqi planları hazırlayır. Plan istifadəçinin təcrübəsinə, məqsədinə, qrafikinə və idman zalındakı avadanlığa uyğun qurulur. Məşq günlərini, əzələ qruplarını və məşqin müddətini seçmək olur. Sistem hərəkətlər, set və təkrar sayı, eləcə də qaldırılacaq çəki barədə məsləhət verir və qısa videolar göstərir. Plan əvvəlki nəticələrə uyğun dəyişir, göstəriciləri “Apple Watch” ilə qeyd etmək olur.
“Safari” brauzerinə şaquli vərəqlər və uyğunlaşan qaranlıq rejim əlavə edilib. “Vertical Tabs” açıq səhifələri ekranın sol tərəfində nişan və ya tam başlıqla göstərir. Funksiyanı sistem ayarlarının “Safari” bölməsində aktivləşdirmək olur. “Adaptive Dark Mode” qaranlıq rejimi olmayan internet səhifələrinin görünüşünü avtomatik dəyişir.
Süni intellekt əsaslı “Siri AI” artıq telefon tətbiqlərində daha mürəkkəb tapşırıqları yerinə yetirir. Ondan faylları nizamlamağı, mesajı müəyyən vaxta planlaşdırmağı və fərdi musiqi siyahısı yaratmağı istəmək olar. Yeni əmrlər “Calendar”, “Files”, “Finder”, “Journal”, “Mail”, “Maps”, “Messages”, “Music”, “Notes”, “Photos”, “Preview”, “Reminders”, “Safari”, “Shortcuts” və “Weather” tətbiqlərində işləyir. Hələlik bu yenilik yalnız “Apple” tətbiqləri ilə məhdudlaşır.
“StandBy” rejimində analoq və rəqəmsal saatların görünüşünü dəyişmək üçün yeni seçimlər var. Təqvim və hava üçün ayrıca ekranlar da əlavə olunub. Foto rejimində paylaşılan albomları seçmək və görünüşlər arasında sürüşdürmək olur. “iPhone Duo” istifadəçiləri “Reachability” funksiyası ilə ekranın sol və sağ tərəflərinin yerini dəyişə biləcəklər. “Health” daha çox dildə işləyəcək. “Siri AI” üçün ənənəvi Çin, Vyetnam, türk və Norveç dilləri də əlavə olunacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar