Logo
    Google 2027-də Nest tətbiqini və ev cihazlarında Assistant-ı bağlayacaq

    Google 2027-də Nest tətbiqini və ev cihazlarında Assistant-ı bağlayacaq

        “Google” 2027-ci ildə ağıllı ev platformasındakı 2 əsas xidməti dayandıracaq. “Nest” tətbiqi “Android”, “iOS” və vebdə 25 yanvar 2027-ci ildə işləməyəcək. Onun yerini tamamilə “Google Home” tutacaq. Ağıllı dinamik və ekranlardakı “Google Assistant” da 2 avqustda bağlanacaq və səsli köməkçini “Gemini for Home” əvəzləyəcək.
    Google 2027-də Nest tətbiqini və ev cihazlarında Assistant-ı bağlayacaq
        Keçiddən sonra “Nest” termostatlarını, kameralarını və qapı zənglərini “Google Home”dan idarə etmək olacaq. Buraya “Nest Protect (2nd Gen)” tüstü detektorları və “Nest x Yale Lock” kilidləri də daxildir. Hazırkı cədvəllər və ayarlar avtomatik köçürüləcək, dəstəklənən cihazların heç biri işləkliyini itirməyəcək. Uzaqdan idarəetmə və bildirişlər üçün “Google” hesabı ilə “Google Home” tətbiqinə və ya home.google.com saytına daxil olmaq lazım gələcək.
        Cihazlar “Google Home”dakı “Favorites” bölməsinə avtomatik əlavə olunacaq. Kamera görüntüsü və əvvəlki qeydlərin zaman xətti daha sürətli açılacaq. Kameraya baxmaq, temperaturu dəyişmək və qapını kilidləmək üçün telefonla yanaşı TV, ağıllı saat, ağıllı ekran və dinamikdən də yararlanmaq olar. Tətbiqdə əsas ekran üçün qısa idarəetmə elementləri və “Android”də “Home Panel” də olacaq. “Works with Google Home” və “Matter” uyğunluğundakı cihazlar da işləyəcək.
        “home.nest.com” bağlanacağı üçün istifadəçilər yaratdıqları xüsusi video fraqmentlərini 25 yanvaradək endirməlidirlər. Həmin fayllar “Google Home”a köçməyəcək. Saytdakı “Download All” düyməsi ilə onların hamısını bir dəfəyə saxlamaq olar. “Google” köçürülməmiş “Nest” hesablarının məlumatlarını 25 mart 2027-ci ildə silməyə başlayacaq. “Nest Aware (1st Gen)” abunələri əlavə ödəniş tələb olunmadan “Google Home Premium”a keçəcək. Kart məlumatlarını yenidən daxil etmək də lazım olmayacaq.
    Google 2027-də Nest tətbiqini və ev cihazlarında Assistant-ı bağlayacaq
        “Gemini for Home” “Google Assistant”ı 2 avqust 2027-ci ildə əvəz edəcək. Yeni köməkçi yalnız əvvəlcədən müəyyənləşdirilmiş sərt əmrlərlə kifayətlənməyəcək, gündəlik danışıq dilini də anlayacaq. Daha mürəkkəb suallara geniş cavab verəcək, söhbət zamanı fasilələri və istifadəçinin fikrini dəyişməsini izləyəcək. Danışığın məzmununu yadda saxladığı üçün ardıcıl suallar arasındakı əlaqəni də qoruya biləcək.
        “Gemini for Home” artıq bir çox ölkədə və dildə çıxıb, yaxın aylarda daha geniş yayılacaq. Dəstəklənən bölgələrdə istifadəçilər “Google Home”un son versiyasında profil işarəsinə toxunaraq “Home Settings” bölməsini açmalıdırlar. Ardınca “Set up Gemini for Home” bannerindəki “Get Started” seçilməlidir. Kompüterdən keçid etmək üçün home.google.com/gemini ünvanına daxil olmaq olar. “Google” son tarix yaxınlaşdıqca əlavə məlumat açıqlayacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...