Logo
    main-post-cover

    Google hamı üçün pulsuz şəkildə Gemini Code Assist köməkçisini istifadəyə verib

    Proqram Təminatı
    25.02.2025
    Emil
         Keçən il Google süni zəkaya əsaslanan Gemini Code Assist adlı kod yazmaya dəstək sistemini elan etmişdi. İndi isə şirkət bu süni zəka köməkçisinin ictimai sınaq versiyasını istifadəyə verdiyini açıqlayıb. Bu versiya fərdi proqramçılar, o cümlədən tələbələr, müstəqil tərtibatçılar, freelancerlər və startap nümayəndələri üçün pulsuzdur. Google nümayəndəsi yeni alət haqqında bunları bildirib: "İstifadəçilər indi rahat şəkildə kod öyrənə, kod fraqmentləri yarada, tətbiqlərini yaxşılaşdıra və mövcud tətbiqləri dəyişdirə bilərlər.
         Bütün bunları müxtəlif pəncərələr arasında keçid etmədən və müxtəlif mənbələrdən məlumat kopyalayıb yerləşdirmədən həyata keçirmək mümkündür". O həmçinin vurğulayıb ki, digər populyar kod yazma köməkçiləri aylıq 2000 kod əlavəsi ilə məhdudlaşdığı halda, Google daha geniş imkanlar təqdim etmək istəyir. Google-un açıqlamasında, ehtimal ki, Gemini Code Assist-in birbaşa rəqibi olan GitHub Copilot nəzərdə tutulurdu.
         GitHub Copilot pulsuz şəkildə istifadəçilərə ayda 2000 kod tərtibatını və süni zəka köməkçisi ilə söhbətdə 50 sorğu göndərmək imkanını verir. Buna qarşılıq olaraq, Google ayda 180 min kod tərtibatını təklif edir. Şirkət bildirib ki, bu limit o qədər yüksəkdir ki, hətta ən təcrübəli və peşəkar proqramçılar belə bu limiti aşmaqda çətinlik çəkəcəklər. Fərdi istifadəçilər üçün olan Gemini Code Assist də şirkətin korporativ versiyası kimi süni zəka əsaslı Gemini 2.0 modelinə əsaslanır. Bu süni zəka aləti aşağıdakı funksiyaları yerinə yetirə bilər:
    - Tam kod bloklarını tərtib etmək
    - Kod yazılarkən sətirləri avtomatik tamamlamaq
    - Çat-bot interfeysi vasitəsilə ümumi kodlaşdırma dəstəyi vermək.
         Gemini Code Assist növbəti inkişaf mühitlərində işləyir: Visual Studio Code, GitHub, JetBrains. Bundan əlavə, bütün açıq mənbəli proqramlaşdırma dillərini dəstəkləyir. Tərtibatçılar Gemini Code Assist-ə təbii dildə göstərişlər verə bilərlər. Məsələn, süni zəka köməkçisindən "ad, e-poçt və mesaj sahələri olan sadə bir HTML forması yarat və 'Göndər' düyməsi əlavə et" sorğusunu yerinə yetirməsini istəmək mümkündür. Hazırda sistem 38 proqramlaşdırma dilini dəstəkləyir və çat pəncərəsində 128 min tokenə qədər sorğuları emal edə bilir. Bununla belə, pulsuz versiya biznes yönümlü genişləndirilmiş alqoritmin bütün əlavə funksiyalarına malik deyil. Məsələn, əgər istifadəçiyə aşağıdakı imkanlar lazımdırsa, o zaman ödənişli abunə tələb olunur:
    - Performans göstəricilərinin təhlili
    - Google-un BigQuery kimi bulud xidmətləri ilə inteqrasiya
    - Şəxsi mənbələrdən kod haqqında məlumatlarla cavabların tənzimlənməsi.
    Mənbə: The Verge
    Paylaş