
Google qısa link xidməti olan goo.gl-i bağlamağa hazırlaşır
Proqram Təminatı
25.07.2025
Emil
Google şirkəti 2025-ci il avqustun 25-dən etibarən öz qısa link xidməti olan goo.gl-ə dəstəyi rəsmi olaraq dayandıracaq. Bu tarixdən sonra “https://goo.gl/*” formatında olan qısaldılmış keçidlər istifadəçiləri 404 səhv səhifəsinə yönləndirəcək. Qeyd edək ki, goo.gl keçid qısaltma xidməti artıq 2019-cu ildə yeni qısa URL-lərin yaradılmasını dayandırmışdı. Həmin vaxt Google bu qərarı istifadəçi davranışlarındakı dəyişikliklərlə izah etmişdi - insanlar artıq internetdə daha fərqli axtarış üsullarına üstünlük verir və qısa keçidlərlə kontent paylaşımını daha az edirdilər. Bununla belə, bu illər ərzində əvvəlcədən yaradılmış qısa keçidlər fəaliyyətini davam etdirirdi. Lakin 2024-cü ilin iyul ayında şirkət öz bloqunda bildirmişdi ki, xidməti dəstəkləməkdən imtina edəcək, çünki son 1 ay ərzində keçidlərin 99%-dən çoxu istifadə olunmayıb. Həmin vaxtdan etibarən goo.gl formatlı keçidlərə daxil olduqda, istifadəçilərə xidmətin tezliklə deaktiv ediləcəyi barədə xəbərdarlıq göstərilirdi. Kontentə çıxışda problemlərin qarşısını almaq üçün qabaqcadan alternativ keçid qısaltma xidmətlərinə keçmək tövsiyə olunur.

Paylaş