Samsung Galaxy S27 kamerası kadrı təsvir edə, fonu özü bulanıqlaşdıra bilər
Proqram Təminatı
28.11.2026
“Samsung”un “Galaxy S27” seriyasının kamera tətbiqi üçün 2 yeni funksiya hazırladığı üzə çıxıb. “Galaxy S26” seriyası üçün çıxan “One UI 9.5 Beta 1” versiyasının kodunda “Vision” rejimi və avtomatik portret funksiyası ilə bağlı qeydlər tapılıb. “Galaxy S26” modellərində “Google”un “Android” üçün süni intellekt funksiyaları və “Perplexity” artıq var.
“Vision” kamera tətbiqində foto və video rejimlərinin yanında ayrıca seçim kimi görünəcək. Kameranı bir obyektə yönəltdikdə süni intellekt kadra düşənləri qısaca təsvir edəcək və ekranda toxunub seçə biləcəyiniz açar sözlər göstərəcək. Çəkiliş düyməsinə basanda telefon şəkli yadda saxlamayacaq. Görüntü sadəcə ekranda donacaq ki, həmin kadr barədə sual verməyə davam edə biləsiniz.
Çəkiliş düyməsinin yanında sual və tərcümə üçün ayrıca düymələr olacaq. Sual düyməsinə və ya açar sözlərdən birinə toxunanda kadr “Gemini”yə göndəriləcək. Tərcümə düyməsi isə görüntünü “Bixby Vision” əsasında hazırlanmış “AI Vision” tətbiqinə göndərəcək. Səhnənin təsvirinin altında nə edə biləcəyinizə dair təkliflər görünəcək. Orada görüntüdəki yazını ayırmaq və fənəri yandırıb-söndürmək üçün də düymələr olacaq.
Görünür, kameranın canlı görüntüsü “Visual Agent Service” adlı yeni tətbiqə göndərilir. Həmin tətbiq “Galaxy S26” modellərində hələ yoxdur, ona görə də səhnənin təsvirinin telefonun özündə, yoxsa uzaq serverlərdə hazırlandığı bilinmir. İndi də kamera görüntüsünü “Gemini Live”da paylaşaraq oxşar suallar vermək olur. Fərq ondadır ki, “Vision” rejimində səhnənin qısa təsviri “Gemini”yə keçməzdən əvvəl elə kamera tətbiqində görünəcək.
“Apple” da “iOS 27”də oxşar yol seçib: “Visual Intelligence” funksiyalarını kamera tətbiqinə “Siri” rejimi kimi əlavə edib. Beləliklə, bu funksiyaları açmaq üçün ayrıca kamera idarəetmə düyməsinə basmaq lazım gəlmir. “Samsung”un digər yeniliyi avtomatik portret funksiyasıdır. Foto rejimində kamera üzü və ya ev heyvanını tanıyanda arxa fon avtomatik bulanacaq.
Avtomatik portreti çəkiliş ekranından əl ilə açmaq və bulanıqlıq səviyyəsini sürgü ilə tənzimləmək də olar. Hər iki yenilik hazırda “Galaxy S26” modellərində işləmir. Beta versiyasının kodu göstərir ki, bu funksiyaların işləməsi üçün həmin telefonlarda olmayan avadanlıq lazım ola bilər. “Samsung” yenilikləri hələ rəsmən açıqlamayıb. Funksiyaların 2027-ci ilin əvvəlində gözlənilən “Galaxy S27” seriyası ilə təqdim olunacağı ehtimal edilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...