Spelunkr tətbiqi 1990-cı illərin kabel TV-sini brauzerdə canlandırır
Proqram Təminatı
28.11.2026
“Spelunkr” 1990-cı illərin kabel televiziyasını brauzerdə canlandıran pulsuz veb tətbiqdir. Tətbiq “Internet Archive” kolleksiyasındakı köhnə videoları 37 mövzu kanalında yayımlayır. Klassik komediya seriallarından təbiət sənədli filmlərinə qədər 4 391 saatlıq televiziya materialı gecə-gündüz yayımlanır.
Hər kanalın öz mövzusu var. “Orange Soda” kanalında vaxtilə uşaqlar üçün dərsdən sonra göstərilən proqramlar yayımlanır. “Late Nite Local” isə yadplanetlilər və qəribə hadisələr haqqında verilişlər göstərir. “Nature Preserve” vəhşi təbiətə həsr olunub, “Happy Trees” kanalında Bob Rossun rəsm dərslərinə baxmaq olur.
Yayıma qoşulmaq üçün “Spelunkr” saytında “Tune In” düyməsini basmaq kifayətdir. Adi video platformalarından fərqli olaraq burada verilişi seçib istədiyiniz vaxt başlada bilmirsiniz. Kanalı açanda həmin an efirdə nə gedirsə, onu izləyirsiniz. Videonu bəyənmək də olur. “Discord” hesabınıza daxil olsanız, videonun istədiyiniz anına şərh yaza bilərsiniz.
Saytın görünüşü də köhnə televizorları xatırladır. Videolarda üfüqi xətlər görünür, görüntü dənəvərdir. Saytın özündə parlaq rənglər və iri yazılar var. Ekrandakı arabir yaranan görüntü pozuntuları nasazlıq deyil: köhnə televizor təsiri yaratmaq üçün qəsdən əlavə edilib.
Tətbiqin yaradıcısı deyir ki, proqramın demək olar hamısını “Claude Code” ilə hazırlayıb. Onun sözlərinə görə, tətbiqdə süni intellektin yazdığı təxminən 87 000 sətir kod var. “Internet Archive”ın məlumatına görə, arxiv internetdən təxminən 15 milyon video toplayıb. “Spelunkr” bu kolleksiyanın yalnız kiçik bir hissəsini yayımlayır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...