main-post-cover

    7-ci 'womENcourage' beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

    Digər
    Reklam və Marketinq
    23.09.2020
    Emil Nəcəfov
        Sentyabrın 24-27-də ADA Universitetinin, “ACM-W” Avropanın təşkilatçılığı, Azərbaycan Konqreslər Bürosunun, “PASHA Bank”, “Amazon” və “IBM” şirkətlərinin dəstəyi, “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı, “Caspian Event Organisers” şirkətinin təşkilati və texniki dəstəyi ilə ACM-in 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək. 
        ADA Universitetinin ev sahibliyi ilə həyata keçiriləcək bu beynəlxalq tədbirin məqsədi qadınları karyeralarını informatika sahəsində qurmağa həvəsləndirmək, texniki sahələrdə təhsil alan və ya fəaliyyət göstərən xanımları bir araya gətirməkdir. 
        “womENcourage 2020” pandemiya səbəbindən bu il onlayn formatda keçirilsə də, tədbir çərçivəsində konfrans, karyera sərgisi və hakafon təşkil ediləcək. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə virtual ünsiyyət quraraq müvafiq vakansiyalardan yararlanmaq, hakafonda isə real həyatda üzləşdiyimiz problemə dair texnoloji həllər irəli sürərək funksional prototip yaratmaq imkanı əldə edəcəklər.
        Dörd gün davam edəcək virtual tədbirin rəsmi  açılışını edəcək ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal bildirib: “Əminəm ki, dünyanın lider təhsil və sənaye müəssisələrində aparılan qabaqcıl tədqiqatlar barədə çıxışlar gəncləri bu sahəyə daha da həvəsləndirəcək”. 
        Tədbir iştirakçıları informatika ilə bağlı çıxışları dinləyəcək, 5 fərqli qitədən 17 ölkəni təmsil edən tələbə və tədqiqatçıların poster təqdimatını izləyəcəklər.
        Əlavə məlumat: http://womencourage.acm.org/2020/ 
    Linki kopyala