
Microsoft şirkəti Bing axtarış sisteminin süni zəka əsaslı çat-botuna cavabların balanslaşdırılmış, kreativ və dəqiq rejimlər çərçivəsində təqdim edilməsi imkanını əlavə edib. Beləliklə kreativ rejim çərçivəsində çat-botun təqdim etdiyi cavablar daha orijinal və yaradıcı olacaqlar. Dəqiq rejimə keçid edən zaman isə çat-bot faktlara əsaslanan qısa cavablar təqdim edəcək. Balanslaşdırılmış rejim əvvəlki iki rejimin kombinasiyasıdır. Qeyd etmək lazımdır ki, Bing daxilində istifadəyə verilmiş süni zəka əsaslı çat-bot bəzi hallarda kobud və doğru olmayan cavablar təqdim edirdi. Bu isə öz növbəsində istifadəçilərin geniş müzakirələrinə səbəb olub.
Bu cür halların yaşanmasından sonra Microsoft məcbur şəkildə çat-botdan istifadəni məhdudlaşdırdı. Bununla yanaşı şirkət vəziyyəti düzəltmək üçün çat-bota bəzi suallara cavab verməyi qadağan etdi. Lakin bunun nəticəsində o, istifadəçilərə daha az məlumat təqdim etməyə başladı. İndi isə şirkət sözügedən rejimlər özəlliyini çat-bota inteqrasiya edib. Şirkət bu üsulla çat-botun iş prosesindəki problemlərin daha az olacağına ümid edir. Qeyd etmək lazımdır ki, Bing daxilində olan çat-bot hələ də test mərhələsindədir və o, milyonlarla istifadəçi tərəfindən test edilir. Microsoft həmçinin çat-botu Windows 11 əməliyyat sisteminin Taskbar bölməsindəki axtarış sətrinə də inteqrasiya edib.
Şərh yoxdur