Logo
    Araşdırma: Instagram-da yad profili 3 gün izləmək qərəzi azalda bilər

    Araşdırma: Instagram-da yad profili 3 gün izləmək qərəzi azalda bilər

    Sosial Media
    22.11.2026
        Potsdam Universitetində aparılan araşdırmaya görə, “Instagram”da tanımadığınız bir insanın profilini cəmi 3 gün izləmək qərəzi azalda bilər. Almaniyada keçirilən təcrübədə 218 “Instagram” istifadəçisi iştirak edib. Onlardan təsadüfi seçilmiş 4 saxta profildən birini 3 gün izləmələri istənilib.
    Araşdırma: Instagram-da yad profili 3 gün izləmək qərəzi azalda bilər
        Profillərdən 2-si alman adı daşıyırdı. Digər 2 profilə ərəb və ya türk mənşəyini xatırladan adlar verilmişdi. İştirakçılar parkların, bina fasadlarının və gündəlik həyatdan adi görüntülərin paylaşıldığını görüblər. Beləliklə, tədqiqatçılar yalnız ad üzərindən yaranan qısa onlayn təmasın insanların fikrinə necə təsir etdiyini ölçüblər.
        3 günlük izləmədən sonra iştirakçılar Almaniyada yaşayan türk və ərəb mənşəli insanları daha səmimi və bacarıqlı hesab ediblər. Həmin qruplara qarşı mənfi davranmaq istəkləri azalıb, dəstək verməyə meyilləri artıb. Nəticələr sosial psixologiyada “təmas fərziyyəsi” adlanan yanaşmanı dəstəkləyir. Bu yanaşmaya görə, fərqli sosial qruplardan olan insanların ünsiyyəti əvvəlcədən yaranmış mənfi fikirləri zəiflədə bilər.
        Oxşar dəyişiklik təcrübədə birbaşa göstərilməyən LGBTQIA+ insanlara münasibətdə də görülüb. İştirakçılar bu qrupa qarşı mənfi davranmağa daha az meyilli olublar. Tədqiqatçılar bunu bir qrupa qarşı müsbət münasibətin başqa qrupa da yayılması ilə izah edirlər. Təsir böyük olmasa da, nəticələr üzbəüz təmasla bağlı əvvəlki araşdırmalara yaxın olub.
    Araşdırma: Instagram-da yad profili 3 gün izləmək qərəzi azalda bilər
        Ancaq nəticələr iştirakçıların sonrakı sorğuda verdiyi cavablara əsaslanır. Onların real davranışı müşahidə edilməyib. Buna görə də insanların gündəlik həyatda eyni cür davranıb-davranmayacağı hələ aydın deyil. Münasibətdəki dəyişikliyin 3 günlük sınaqdan sonra nə qədər davam etdiyi də bilinmir. Bunu öyrənmək üçün daha uzun araşdırma lazımdır.
        Araşdırmanı Georg Voronin, Stefan Stieglitz, Olga Abramova və Chee-Wee Tan hazırlayıb. Məqalə “Journal of the Association for Information Systems” jurnalında dərc olunub. Müəlliflərin fikrincə, sosial platformalar düzgün qurularsa, cəmiyyətdə müxtəlif qruplar arasındakı münasibətləri yaxşılaşdıra bilər. Onlar hesab edirlər ki, platformalarla bağlı qaydalar müzakirə olunarkən yalnız nifrət nitqi və qütbləşmə kimi zərərlərə diqqət yetirilməməlidir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...