Instagram yayımlanmış hekayəni silmədən redaktə etmək imkanı təqdim etdi
Sosial Media
19.11.2026
“Instagram” yayımlanmış “Stories” paylaşımını silmədən redaktə etmə funksiyasını açır. Yenilik çərşənbə günündən başlayaraq mərhələli şəkildə istifadəçilərə çatacaq. Hekayə paylaşıldıqdan sonra dəyişiklik etmək üçün 15 dəqiqə vaxt olacaq. Əvvəllər səhvi düzəltmək üçün paylaşımı silib yenidən yerləşdirmək lazım idi.
Bu vaxt ərzində mətn və yazı səhvlərini düzəltmək, stiker və rəsmləri əlavə etmək və ya silmək olar. Musiqini dəyişmək, yeni mahnı əlavə etmək və hekayədəki yazını yeniləmək də olur. Ən vacibi, baxışlar, bəyənmələr və cavablar qorunacaq. Yəni düzəlişdən sonra paylaşımın əvvəlki göstəriciləri sıfırlanmayacaq.
Hekayəni redaktə etmək üçün sağ alt hissədəki 3 nöqtə işarəsinə toxunmaq və açılan menyudan “Edit story” düyməsini seçmək lazımdır. Dəyişdirilmiş paylaşımın yuxarı sağ küncündə “Edited” qeydi görünəcək. Bununla izləyicilər hekayənin sonradan yeniləndiyini biləcəklər. 15 dəqiqə başa çatdıqdan sonra düzəliş üçün paylaşımı yenə silmək lazım gələcək.
Yeniləmə “Stories” hazırlama alətinə daha 3 dəyişiklik gətirir. Yeni düzən seçimi bir hekayəyə bir neçə şəkil əlavə etməyi və onları uyğun şəkildə yerləşdirməyi asanlaşdırır. Ekrana tam oturmayan fotolar üçün rəng keçidləri və başqa effektlərdən ibarət yenilənmiş fonlar var. Stiker bölməsi də yeni şrift, rəng və formalarla yenidən qurulub, buna görə axtarış daha rahat olacaq.
Funksiyanın sınaq versiyası aprel ayında üzə çıxmışdı. Ancaq həmin variant ilkin hekayəni silir, bəyənmə, reaksiya və cavabları sıfırlayırdı. İndi yayılan versiyada bu məhdudiyyət aradan qaldırılıb. Yenilik ardıcıl hekayələr paylaşanlar üçün də faydalıdır. Çünki silinib yenidən yerləşdirilən kadr əvvəlki sırasına qayıtmırdı. Dəyişiklik yaradıcıların və brendlərin paylaşım göstəricilərini qorumasına kömək edəcək.
“Instagram” bu il istifadəçilərin uzun müddətdir gözlədiyi başqa funksiyaları da əlavə edib. Martda karuseldəki foto və videoların sırasını paylaşdıqdan sonra dəyişmək mümkün olub. Apreldə şərhləri 15 dəqiqə ərzində redaktə etmək funksiyası açılıb. İyun ayında profil torundakı paylaşımları əl ilə düzmək seçimi gəlib. “Edits” video redaktoru da bir neçə montaj zolağı, daha geniş rəng tənzimləməsi və videonu 4K keyfiyyətində çıxarma funksiyası ilə “Mac” üçün təqdim olunub.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar