Logo
    main-post-cover

    Avstraliya sosial media nəhənglərini məhkəməyə verə bilər

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Avstraliyanın onlayn təhlükəsizlik qurumu ölkədə 16 yaşdan kiçik uşaqlar üçün tətbiq edilən sosial media qadağasının tam işləmədiyini açıqlayıb. Qurumun hazırladığı ilk hesabatda bildirilir ki, Meta (Facebook və Instagram), Snapchat, TikTok və YouTube platformaları qanunun tələblərinə tam əməl etmir və uşaqların platformalara girişinin qarşısını almaq üçün yetərli tədbirlər görmür. Qanun qüvvəyə mindikdən sonra 5 milyona yaxın azyaşlı hesabı deaktiv edilsə də, aparılan araşdırma göstərib ki, əvvəllər sosial mediadan istifadə edən uşaqların təxminən 70 faizi hələ də müxtəlif platformalarda hesab istifadə etməyə davam edir. Uşaqlar ya yeni hesablar yaradır, ya da yaş yoxlama sistemlərini keçə bilirlər.
    Facebook Adds Snapchat-Like Camera Filters to Instagram | BoF
        Avstraliyanın eSafety komissarı Julie Inman Grant bildirib ki, bəzi platformalar yaş yoxlama sistemindən keçmək üçün istifadəçilərə limitsiz cəhd imkanı verir və hətta istifadəçi azyaşlı olduğunu qeyd etdikdən sonra belə yenidən cəhd etməyi təklif edir. Bu isə sistemlərin uşaqları qorumaq üçün deyil, istifadəçiləri itirməmək üçün qurulduğu ilə bağlı şübhələr yaradır. Avstraliya hökuməti platformaları qanuna əməl etmədikləri təqdirdə məhkəməyə verə bilər. Bu halda şirkətləri 49,5 milyon Avstraliya dollarına qədər cərimə gözləyir. Məsələ yalnız Avstraliya ilə məhdudlaşmır. Bir sıra ölkələr – Fransa, Danimarka, Malayziya və İndoneziya da uşaqlar üçün sosial media məhdudiyyətləri tətbiq etməyə hazırlaşır. Buna görə Avstraliyadakı bu qanunun nəticəsi digər ölkələr üçün də nümunə olacaq.
        Ekspertlər isə bildirir ki, yaşın internet üzərindən dəqiq müəyyən edilməsi texniki baxımdan çox çətindir və mövcud texnologiyalar hələ 100 faiz dəqiq nəticə vermir. Buna baxmayaraq, qanuna görə məsuliyyət valideynlərin və uşaqların deyil, sosial media platformalarının üzərinə düşür. Hazırda bu qanun həm də məhkəmədə mübahisələndirilir. Bəzi təşkilatlar hesab edir ki, sosial mediaya girişin qadağan edilməsi söz azadlığı və siyasi kommunikasiya hüququna zidd ola bilər. Məhkəmə prosesi yaxın aylarda başlayacaq.
    Paylaş