Elon Musk-ın "WhatsApp təhlükəsiz deyil" iddiasına cavab gəlib!
Elon Musk, sosial media platformasında WhatsApp-ın hər gecə istifadəçi məlumatlarını ixrac etdiyi iddiasını təkrarlayaraq müzakirələrə səbəb olub. WhatsApp rəhbərinin isə bu iddiaya cavabı gecikməyib.
Ötən günlərdə Elon Musk-ın WhatsApp-ın hər gecə istifadəçi məlumatlarını ixrac etdiyi, daha sonra təhlil edərək hədəflənmiş reklam üçün istifadə etdiyi və istifadəçiləri məhsula çevirdiyi iddiası müzakirələrə səbəb olmuşdu. WhatsApp rəhbəri, Musk-ın iddiasına belə cavab verib: “Bunu artıq bir çox insan deyib, amma bunun doğru olmadığını təkrar etməyə dəyər. Biz təhlükəsizliyə ciddi yanaşırıq, buna görə də mesajları başdan-başa şifrələyirik. Hər gecə bizə mesaj göndərilmir və ya ötürülmür.”
Təhlükəsizlik tədqiqatçısı Tommy Mysk bildirib ki, mesajlar başdan-başa şifrələnsə də, WhatsApp istifadəçinin yeri, ünsiyyətdə olduğu insanlar və onlayn olduqları vaxtların paylanması da daxil olmaqla bəzi metadataları digər Meta şirkətləri ilə paylaşır. Bu arada, WhatsApp-ın məxfilik siyasətində "Meta məhsullarında müvafiq təklif və reklamları göstərmək üçün bəzi istifadəçi məlumatlarından istifadə edildiyi" bildirilir.