
Facebook hesabına şifrəsiz daxil olmaq mümkün olacaq
Sosial Media
19.06.2025
Emil
Facebook Passkey (giriş açarı) texnologiyası ilə avtorizasiya dəstəyini tətbiq etməyə başlayıb. Bu o deməkdir ki, istifadəçilər artıq ənənəvi şifrələrdən imtina edib, barmaq izi və ya üz tanıma kimi daha etibarlı identifikasiya üsulunu seçə biləcəklər. Bu yanaşma sosial şəbəkə hesablarına icazəsiz giriş cəhdlərini xeyli çətinləşdirir. Passkey texnologiyası standart şifrələrə nisbətən daha təhlükəsiz alternativ hesab olunur, çünki giriş açarını nə tapmaq, nə də üçüncü şəxslərə ötürmək mümkündür. Həmçinin bu texnologiya fişinq hücumlarına qarşı da müdafiəni təmin edir. Yəni cinayətkarlar istifadəçiləri saxta saytlara yönləndirərək avtorizasiya məlumatlarını əldə edə bilməzlər.

Çünki giriş açarı konkret bir domenə bağlıdır və brauzer onu başqa saytlarda, o cümlədən fişinq məqsədilə yaradılmış səhifələrdə istifadə etməyə cəhd göstərməyəcək. Meta giriş açarlarının dəstəklənməsinin dəqiq tarixlərini açıqlamayıb, yalnız bu funksiyanın yaxın zamanda Android və iOS üçün nəzərdə tutulmuş tətbiqlərdə istifadəyə veriləcəyini bildirib. Bundan əlavə, şirkət giriş açarlarının dəstəyini Messenger mesajlaşma tətbiqinə də əlavə etməyi planlaşdırır ki, istifadəçilər Facebook-da istifadə etdikləri eyni giriş açarını orada da tətbiq edə bilsinlər. Platformaya daxil olmaq üçün həmçinin fiziki açar və ya iki faktorlu autentifikasiya texnologiyasından da istifadə etmək mümkün olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
