Logo
    main-post-cover

    Google axtarış nəticələrini kütləvi şəkildə toplayan SerpApi-ni məhkəməyə verib

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google veb məlumatlarını avtomatik şəkildə toplayan (web scraping) alətlər təqdim edən SerpApi şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət SerpApi-ni ABŞ Müəllif Hüquqları Qanununu pozmaqda və Google-un axtarış nəticələrini “heyrətamiz miqyasda” qanunsuz şəkildə əldə edib satmaqda ittiham edir.
        Google-un iddiasına görə, SerpApi Google-un botlara qarşı tətbiq etdiyi texniki qoruma sistemlərini bilərəkdən aşır. Şirkət xüsusilə 2025-ci ilin yanvarında istifadəyə verilən və axtarış nəticələrinə avtomatik girişin qarşısını almaq üçün hazırlanmış SearchGuard adlı texnologiyanın SerpApi tərəfindən qısa müddətdə sındırıldığını bildirir.
        İddiada qeyd olunur ki, SerpApi yüz milyonlarla avtomatik sorğunu gizlədərək onları adi insan istifadəçiləri kimi göstərir. SerpApi-nin qurucusunun sözlərinə istinad edən Google, bu prosesin “Google-un normal istifadəçi kimi qəbul etdiyi çoxsaylı IP ünvanları üzərindən saxta brauzerlər yaratmaq” yolu ilə həyata keçirildiyini vurğulayır. Google bildirir ki, axtarış nəticələrində, o cümlədən Knowledge Panel kimi bölmələrdə böyük həcmdə lisenziyalı və müəllif hüquqları ilə qorunan məzmun yer alır. SerpApi-nin bu məlumatları üçüncü tərəflərə təqdim etməsi isə Google-un həmin məzmun üçün etdiyi lisenziya və investisiyaları dəyərsizləşdirir.
         Maraqlıdır ki, ötən ilin oktyabrında Reddit də SerpApi-ni və daha iki məlumat toplayan şirkəti məhkəməyə verib. Reddit bu şirkətləri öz platformasındakı məzmunu AI startapı Perplexity üçün qanunsuz şəkildə toplamaqda ittiham etmişdi. Google-un iddiasında bu məhkəmə işi xatırladılsa da, Perplexity və ya AI botları birbaşa hədəf göstərilmir.
    Paylaş