Google Gmail ünvanlarının dəyişdirilməsinə icazə verməyə hazırlaşır
Sosial Media
29.12.2025
Sevinc
İllərdir istifadə etdiyi Gmail ünvanından narazı olan və ya artıq həmin ünvanın onları təmsil etmədiyini düşünən istifadəçilər üçün sevindirici yenilik gözlənilir. Google yaxın vaxtlarda istifadəçilərə Gmail ünvanlarını dəyişmək imkanı verə bilər.
Məlumata görə, Google bu funksiyanı mərhələli şəkildə bütün istifadəçilər üçün əlçatan etməyi planlaşdırır. İlk dəfə Google Pixel Hub adlı Telegram qrupunda diqqət çəkən və daha sonra 9to5Google tərəfindən xəbər verilən məlumata əsasən, Gmail-in dəstək səhifəsinin hind dilində olan versiyasında istifadəçilərin Google hesablarına bağlı e-poçt ünvanını dəyişə biləcəyi qeyd olunub. Bu dəyişiklik mövcud Gmail ünvanının “@gmail.com” ilə bitən yeni bir ünvana çevrilməsini də əhatə edir.
Ən vacib məqam isə odur ki, ünvan dəyişdirildikdən sonra köhnə Gmail adresi silinməyəcək. O, alias (əlavə ünvan) kimi işləməyə davam edəcək və istifadəçi həm köhnə, həm də yeni ünvanla Google xidmətlərinə daxil ola biləcək. Bununla yanaşı, ünvan dəyişdirildikdən sonra 12 ay ərzində hesaba bağlı əlavə Gmail ünvanı yaratmaq mümkün olmayacaq.
Paylaş