Hindistan Ali Məhkəməsindən Meta-ya sərt xəbərdarlıq
Sosial Media
03.02.2026
Ilhama
Technote.az "TechCrunch” platformasına istinadən bildirir ki, Hindistanın Ali Məhkəməsi Meta şirkətinə məxsus WhatsApp platformasının məxfilik siyasəti ilə bağlı sərt mövqe ortaya qoyub. Məhkəmə bəyan edib ki, Meta Hindistan istifadəçilərinin məxfilik hüququ ilə “oynaya bilməz”.
Bu açıqlama WhatsApp-ın 2021-ci ildə yenilənmiş məxfilik siyasəti ilə bağlı tətbiq olunan cəriməyə etiraz etdiyi dinləmələr zamanı səsləndirilib. Hakimlər şirkətdən istifadəçi məlumatlarının, xüsusilə metadata-nın necə toplandığını və bu məlumatların reklam və süni intellekt sistemlərində kommersiya məqsədilə istifadə olunub-olunmadığını izah etməyi tələb ediblər. Hindistan WhatsApp üçün ən böyük bazardır. Ölkədə platformanın 500 milyondan çox istifadəçisi var. Məhkəmə bu dominant mövqedən sui-istifadə ehtimalını xüsusi vurğulayıb. Baş hakim Surya Kant bildirib ki, istifadəçilərin əksəriyyətinin WhatsApp-dan imtina etmək üçün real alternativi yoxdur və bu səbəbdən razılıq “formal xarakter” daşıyır.
Xatırladaq ki, Hindistanın rəqabət qurumu WhatsApp-ın 2021-ci il siyasətinin bazardakı dominant mövqedən sui-istifadə olduğunu müəyyən edərək şirkətə 2,13 milyard rupi (təxminən 23,6 milyon dollar) cərimə kəsmişdi. Bu qərar daha əvvəl qüvvədə saxlanılıb və Meta cəriməni artıq ödədiyini bildirib. Ali Məhkəmə işi 9 fevral tarixinə qədər təxirə salıb. Eyni zamanda, İnformasiya Texnologiyaları Nazirliyinin də prosesə tərəf kimi cəlb olunmasına qərar verilib ki, bu da işin miqyasını daha da genişləndirir.
Paylaş