
Meta AI hamının çat yazışmalarını ortaya çıxarmağa başlayıb
Sosial Media
13.06.2025
Emil
Meta AI çat-bot tətbiqindəki Discover bölməsi artıq digər istifadəçilərin süni zəka ilə apardıqları yazışmaları göstərməyə başlayıb. Bu yazışmalarda bəzən şəxsi məlumatlar və həssas xarakterli informasiyalar yer alır. Qeyd olunur ki, istifadəçilər bu məlumatların paylaşılmasına açıq şəkildə öz razılıqlarını verirlər. Məsələn, yazışmalardan birində Ayovadan olan 66 yaşlı tənha bir kişi, öz sözlərinə görə, hansı ölkələrdə qadınların yaşlı kişiləri daha çox sevdiyini öyrənməyə çalışır və bildirir ki, əgər gənc bir qadınla tanış olsa, həmin ölkəyə köçməyə hazırdır. Meta AI onun niyyətini təsdiqləyir və ona Aralıq dənizi ölkələrini - xüsusilə İspaniya və İtaliyanı, eləcə də Şərqi Avropanı tövsiyə edir. Discover bölməsindəki bəzi çatlar zərərsizdir. Orada səyahət marşrutları və yemək reseptləri müzakirə olunur.

Lakin digər yazışmalarda insanların yerləşdikləri məkan, telefon nömrələri və istifadəçi adları ilə birgə profil şəkillərinə bağlanmış məxfi məlumatlar üzə çıxır. Hətta bəzi hallarda insanlar psixi sağlamlıqları ilə bağlı məlumatları bölüşür, ev ünvanlarını və qarşıda duran məhkəmə prosesləri ilə bağlı təfərrüatları paylaşırlar. Süni zəka ilə yazışmalar standart olaraq açıq rejimdə olmur. İstifadəçi bu çatların dərc olunması üçün xüsusi ayarı özü seçməlidir. Buna görə də dərc edilən məlumatların təsadüfən yayılıb-yayılmadığı, yoxsa platforma istifadəçilərinin xəbər agentlikləri bu barədə yazmağa başladıqdan sonra sadəcə kütləvi bir zarafat düzəltdikləri hələ də tam aydın deyil. Bununla belə, bu bölmədə maraqlı süjetlərin çatışmazlığı yoxdur.

Məsələn, yazışmalardan birində süni zəkadan kirayəçiyə çıxarılma ilə bağlı bildiriş tərtib etməsi xahiş olunub. Başqa birində zəif qiymətlərə və ya qayda pozuntularına görə məktəbin adı göstərilməklə tələbəyə veriləcək akademik xəbərdarlıq mətni hazırlanması istənilib. Daha bir istifadəçi, bacısının vergi fırıldağı ilə bağlı məsuliyyət daşıyıb-daşımadığını soruşub və şəhərin adını açıqlayıb. Sorğuyla əlaqəli olan Instagram hesabında isə onun adı və soyadı qeyd olunub. Başqa bir şəxs isə məhkəmə üçün xarakteristikanın yazılmasını xahiş edib və bu zaman həm ehtimal edilən cinayətkar, həm də özü haqqında geniş şəxsi məlumat təqdim edib. İnsanlar aktiv şəkildə tibbi məlumatlarını açıqlayırlar. Çox vaxt bu hesablar Instagram-dakı açıq profillərlə bağlı olur.

Meta şirkəti qeyd edir ki, istifadəçi süni zəka ilə apardığı yazışmanı çoxmərhələli təsdiqləmə prosesindən keçib açıq şəkildə paylaşmadıqca, həmin yazışma konfidensial sayılır. Lakin şirkət bu məlumatlarla insanın şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatların dərcini məhdudlaşdırmaq üçün hansısa tədbirlər görüb-görməyəcəyi sualına cavab verməyib. Meta yalnız bunu bildirib ki, istifadəçi süni zəkaya özü haqqında məlumatları yadda saxlamağı göstərə bilər və cavablar Meta platformalarında verdiyi məlumatlara, bəyəndiyi və qarşılıqlı əlaqədə olduğu məzmunlara əsasən fərdiləşdirilə bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, insanlar çox zaman süni zəkaya ötürdükləri məlumatların artıq konfidensial olmadığını dərk etmirlər. Bu məlumatların sonrakı aqibəti bəlli deyil, amma bir şey dəqiqdir: Onlar təkcə istifadəçi ilə tətbiq arasında qalmır, ən azından Meta şirkətinin əməkdaşları da onlara çıxış əldə edə bilirlər.
Mənbə: Wired
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
