Logo
    main-post-cover

    Meta geri addım atdı: WhatsApp Braziliyada rəqib AI botlarına qapı açır

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta şirkəti Braziliyada fəaliyyət göstərən rəqib süni intellekt şirkətlərinə WhatsApp üzərindən çatbot xidmətləri təqdim etməyə icazə verəcəyini açıqlayıb. Bu qərar şirkətin Avropada oxşar addım atmasından cəmi bir gün sonra verilib.
         Qərarın arxasında isə Braziliyanın antiinhisar tənzimləyicisi olan Administrative Council for Economic Defense (CADE) dayanır. Qurum Meta-nın WhatsApp-da üçüncü tərəf AI çatbotlarını məhdudlaşdırmaq cəhdinə qarşı çıxaraq şirkətin bu siyasəti dayandırmaq üçün etdiyi apellyasiyanı rədd edib.
         CADE bildirib ki, WhatsApp Braziliyada mesajlaşma bazarında çox böyük paya sahibdir və üçüncü tərəf AI çatbotlarının qadağan edilməsi rəqabətə zərər verə bilər. Meta isə cavab olaraq bildirib ki, qanunvericilik tələb etdiyi hallarda şirkətlərə WhatsApp Business API vasitəsilə AI çatbot xidmətləri göstərməyə imkan verəcək. Lakin bu xidmət ödənişli olacaq.
         Şirkət martın 11-dən etibarən Braziliyada hər “şablon olmayan mesaj” üçün 0.0625 dollar ödəniş tətbiq edəcək. Qeyd edək ki, Meta ötən ilin oktyabrında üçüncü tərəf AI çatbotlarını məhdudlaşdıran siyasətini elan etmişdi. Bu qərar xüsusilə şirkətin öz süni intellekt çatbotu olan Meta AI artıq WhatsApp daxilində mövcud olduğu üçün antiinhisar araşdırmalarına səbəb olmuşdu.
         Meta həmçinin bildirir ki, WhatsApp Business API əvvəlcə AI çatbotları üçün nəzərdə tutulmayıb və bu tip xidmətlər platformanın texniki resurslarına əlavə yük yaradır. Bununla belə, bəzi tərtibatçılar yeni modeldən narazıdır. Onların sözlərinə görə, Meta-nın təyin etdiyi qiymət kifayət qədər yüksəkdir və bu, AI çatbot xidmətlərinin yenidən istifadəyə verilməsini iqtisadi baxımdan çətinləşdirə bilər.
    Paylaş