
Meta Instagram və digər platformalarında uşaqlar üçün risklərin araşdırılmasına mane olur
Sosial Media
09.09.2025
Emil
Meta uşaqların təhlükəsizliyi ilə bağlı araşdırmalara mane ola bilərdi. Məlumata görə, şirkətin 4 əməkdaşı - ikisi hazırkı, ikisi isə keçmiş - bildiriblər ki, 2021-ci ildən etibarən Meta-da həssas mövzular üzrə araşdırmalara məhdudiyyətlər tətbiq olunur. Həmin əməkdaşlar ABŞ Konqresinə şirkətin daxili sənədlərini təqdim ediblər. Bu sənədlərdə göstərilir ki, 2021-ci ildə Meta-da siyasət, irqi və gender identifikasiyası, zorakılıq və uşaqların qorunması mövzularını araşdıran əməkdaşların işinə müxtəlif məhdudiyyətlər qoyan bir siyasət qüvvəyə minib. Həmin dövrdə Meta-nın özünün apardığı oxşar araşdırmalar da açıqlanmışdı və orada deyilirdi ki, Instagram yeniyetmə qızların sağlamlığına mənfi təsir göstərə bilər. Bundan sonra, oxşar qalmaqalların təkrarlanmasından sığortalanmaq üçün Meta rəhbərliyi tədqiqatçılarına müxtəlif “risklərin azaldılması” yollarını tövsiyə etməyə başlayıb.

Əsasən iki üsul təklif olunub: vəkillik sirrindən istifadə etmək üçün işə hüquqşünasları cəlb etmək və nəticələri təsvir edərkən heç vaxt “qanunsuz” və ya “qeyri-düzgün” kimi terminlərdən istifadə etməmək. Bütün bunlar məlumatların sızmasının və ya onların müzakirə olunması riskinin qarşısını almağa xidmət etməli idi. Meta-nın keçmiş tədqiqatçısı, virtual reallıq üzrə ixtisaslaşmış Jason Sattizahn bildirib ki, onun şöbə rəhbəri Horizon Worlds VR platformasında 10 yaşlı oğlana qarşı təcavüz halları barədə məlumatın yer aldığı müsahibə yazısını silməyə məcbur edib. Şirkət bunu beynəlxalq təcrübəyə istinadla əsaslandırmağa çalışıb. Həmin təcrübəyə görə, 13 yaşdan kiçik uşaqlardan valideyn və ya qəyyumlarının razılığı olmadan alınan məlumatlar silinməlidir.

Lakin Meta əməkdaşları qeyd edirlər ki, şirkət bununla kifayətlənmir: onlar sadəcə məlumatı silmirlər, həm də 13 yaşdan kiçik uşaqları virtual reallıq platformalarında gözləyə biləcək problemlər və təhlükələri müzakirə etməyə belə imkan vermirlər. Bu, Meta-nın yetkinlik yaşına çatmayanların rifahı ilə bağlı üzləşdiyi ilk məhkəmə prosesi deyil. Fevral ayında şirkətə qarşı onun keçmiş əməkdaşı Kelly Stonelake iddia qaldırmışdı. O, Horizon Worlds istifadəçiləri arasında azyaşlılara qarşı irqi ayrı-seçkilik halları barədə danışmışdı. Stonelake qeyd edirdi: “Testlərdən birində zənci avatarları olan istifadəçilər platformaya daxil olduqdan sonra ilk 34 saniyə ərzində təhqirlərə məruz qalmışdılar”.
Paylaş