Logo
    main-post-cover

    Reklam bloklayıcıları YouTube-dakı baxış saylarını azaldırmış

         Avqustun ortalarından etibarən YouTube-da bir çox müəllif öz videolarının baxış sayında kəskin azalma qeydə almağa başlayıb - bəzi hallarda göstəricilər əvvəlki nəticələrin yarısına qədər düşüb. Anomaliyanın səbəbləri hələ də rəsmi şəkildə təsdiqlənməyib, lakin analitiklərin məlumatları və platformanın dolayı açıqlamaları reklam bloklayıcıların təsirinə işarə edirlər. İngilis yutuberi Josh Strife Hayes-in müşahidələrinə görə, televizor, smartfon və planşetlərdən baxışlarda əvvəlki dinamika qorunub saxlanıldığı halda, avqustun ortalarından etibarən kompüterlərdən baxışlar təxminən 50% azalıb.
         Bu məlumatları texnologiya dünyası barədə məzmun hazırlayan TechLinked kanalı da öz göstəricilərində oxşar statistika qeydə alaraq təsdiqləyib. YouTube birbaşa təsdiq verməsə də, Google vasitəsilə yayımlanmış rəsmi açıqlamada “reklam bloklayıcıları və digər məzmun məhdudlaşdırıcı alətlərdən istifadə edən izləyicilər baxışların hesabat dəqiqliyinə təsir göstərə bilərlər” qeyd olunub. Şirkət əlavə edib ki, auditoriyasının böyük hissəsi bu cür alətlərdən istifadə edən kanallar trafikdə daha kəskin dalğalanmalarla üzləşə bilərlər - xüsusilə də həmin alətlərin yenilənmə dövründə. Daha əvvəl baxışların azalmasının YouTube-un istifadəçilərin yaşını yoxlamaq üçün süni intellekt əsasında hazırladığı yeni alətlərlə bağlı ola biləcəyi ehtimal olunurdu, lakin şirkət bu versiyanı qəti şəkildə təkzib edib.
         Digər mümkün səbəblər arasında izləyici vərdişlərində mövsümi dəyişikliklər və platformada rəqabətin güclənməsi göstərilirdi. YouTube vurğulayır ki, baxışlara təsir edən sistemli bir problem yoxdur. Bununla yanaşı, TechLinked nümayəndələri qeyd ediblər ki, baxış sayının azalmasına baxmayaraq, reklam gəlirləri əvvəlki səviyyədə qalıb. Bu isə kompüterlərdən olan baxışların - reklam bloklayıcılarının daha çox istifadə edildiyi platformalarda - sistem tərəfindən düzgün şəkildə qeydə alınmamasına işarə edə bilər. Bu, dolayı yolla YouTube-un bloklayıcıların baxış statistikasının dəqiqliyinə mümkün təsiri barədə açıqlaması ilə təsdiqlənir.
    Paylaş