Rusiyada WhatsApp tam bloklandı
Sosial Media
12.02.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Rusiya hökuməti ölkə ərazisində WhatsApp tətbiqini tam şəkildə bloklayıb. Bu qərar təxminən 100 milyona yaxın istifadəçiyə təsir edir. “Financial Times” nəşrinin məlumatına görə, Rusiya rəsmiləri tətbiqi rəsmi onlayn reyestrdən silərək faktiki olaraq onu ölkənin internet məkanından çıxarıb.
Meta şirkəti məsələ ilə bağlı açıqlamasında bildirib ki, Rusiya hökuməti WhatsApp-ı bloklamaqla vətəndaşları dövlətə məxsus, şifrələnməyən “Max” adlı tətbiqə keçməyə məcbur etmək istəyir. Meta bu addımı “100 milyondan çox insanı təhlükəsiz və şəxsi ünsiyyətdən məhrum etmək cəhdi” kimi qiymətləndirib. Rusiya hakimiyyəti son günlərdə yalnız WhatsApp-la kifayətlənməyib. Dünən Telegram tətbiqi də onlayn sistemdən silinib. Bundan əvvəl isə Facebook və Instagram kimi Meta-ya məxsus digər platformalar da ölkədə bloklanmışdı. YouTube-a girişin də zəiflədiyi bildirilsə də, tətbiqin tam silinib-silinmədiyi hələ dəqiq deyil.
Hələ 2025-ci ilin iyul ayında Rusiyanın İT sahəsinə nəzarət edən deputat WhatsApp-ın “qadağan olunmuş proqram təminatı” siyahısına daxil ediləcəyini ehtimal etdiyini açıqlamışdı. Meta şirkəti artıq Rusiyada “ekstremist təşkilat” kimi tanınıb. Prezident Vladimir Putin isə ötən il “dost olmayan ölkələrdən” gələn kommunikasiya tətbiqlərinə qarşı məhdudiyyətlərin artırılması barədə göstəriş vermişdi.
Paylaş