
Telegram-ın premium abunəçilərinin sayı 15 milyona çatıb
Sosial Media
29.05.2025
Emil
Telegram Premium abunəliyi istifadəçilərinin sayı 15 milyon nəfərə çatıb. Bu barədə messencerin yaradıcısı Pavel Durov öz Telegram kanalında məlumat verib. O həmçinin əlavə edib ki, son 1 il ərzində Premium abunəçilərinin sayı 2 qat artıb. “Telegram Premium-un artıq 15 milyondan çox ödənişli abunəçisi var. Bu rəqəm cəmi 1 il ərzində 2 dəfə artıb. Premium-a keçdiyiniz üçün təşəkkür edirəm” - deyə Pavel Durov öz paylaşımında bildirib. Xatırladaq ki, ötən ilin sentyabr ayında Telegram-ın yaradıcısı messencerin Premium istifadəçilərinin sayının 10 milyonu keçdiyini bildirmişdi.

Həmin vaxt o, yeni funksiyaların əlavə olunacağını elan etmiş və əvvəllər mövcud olan bəzi alətlərin inkişafından imtina edildiyini açıqlamışdı. Beləliklə, messencer 2019-cu ildən bəri mövcud olan Nearby funksiyasından imtina etmişdi, çünki bu funksiya platforma istifadəçilərinin cəmi 0.1%-i tərəfindən istifadə olunurdu. Telegram Premium abunəliyinə gəlincə, bu xidmət 2022-ci ilin iyun ayında istifadəyə verilib. Abunə istifadəçilərə daha yüksək sürətlə və 4 GB-a qədər fayllar yükləmək, reklamları deaktiv etmək, səsli mesajları mətnə çevirmək, genişləndirilmiş stiker paketlərindən istifadə etmək və digər imkanlar təqdim edir. Telegram ilk milyon ödənişli abunəçisini isə artıq 2022-ci ilin dekabrında əldə etmişdi.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
