Logo
    TikTok şərhləri yeniləyir: 1 dəqiqəlik səs, sorğu və 9-dək foto

    TikTok şərhləri yeniləyir: 1 dəqiqəlik səs, sorğu və 9-dək foto

    Sosial Media
    03.09.2026
        “TikTok” şərh bölməsini daha interaktiv edən yeni funksiyalar təqdim edib. İstifadəçilər səsli şərh yaza, yaradıcıların keçirdiyi sorğularda iştirak edə və 1 şərhə bir neçə foto əlavə edə biləcəklər. “Live Photo” formatında şərhlər də dəstəklənəcək. Şirkət bununla video altındakı bölməni sadəcə rəy yazılan yerdən daha geniş ünsiyyət məkanına çevirmək istəyir.
        Səsli şərh yazmaq üçün şərh xanasındakı mikrofon işarəsinə toxunmaq kifayətdir. İstifadəçi 1 dəqiqəyə qədər səs yaza bilər və paylaşdıqdan sonra digər şəxslər həmin qeydi dinləyə bilərlər. Yeni imkan gələn 1 ay ərzində dünya üzrə mərhələli şəkildə açılacaq. Ondan yalnız 18 yaş və yuxarı “TikTok” istifadəçiləri yararlana biləcəklər.
        Səsli şərhlərə platformadakı digər məzmunla eyni İcma Qaydaları tətbiq olunur. “TikTok” qayda pozuntularını aşkar etmək üçün insan nəzarətindən və avtomatik yoxlama vasitələrindən birlikdə istifadə edir. Sistem səsi mətnə çevirərək də təhlil aparır. Qaydaları pozan səs yazıları müəyyənləşdirildikdən sonra platformadan silinir.
        Yaradıcılar öz videolarına şərh yazarkən artıq sorğu da əlavə edə bilərlər. Əvvəllər yalnız bəzi hesablarda görünən bu funksiya indi qlobal istifadəyə verilib. Sorğuda izləyicilərə təqdim etmək üçün ən çox 5 cavab variantı seçmək və səsvermənin müddətini təyin etmək mümkündür. Səslər toplandıqca yaradıcı nəticələri birbaşa şərh bölməsindən izləyə bilər.
        Foto karusel şərhləri 1 şərhə ən çox 9 şəkil yerləşdirməyə imkan verir. Əvvəllər istifadəçilər hər şərhə yalnız 1 foto əlavə edə bilirdilər. “Live Photo” şərhləri isə görüntünün tam versiyası açılmamışdan əvvəl qısa hərəkətli önizləmə göstərir. “Live Photo” dəstəyi artıq qlobal miqyasda əlçatandır, foto karusellər isə gələn 1 ay ərzində bütün dünyada açılacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...