Logo
    main-post-cover

    WhatsApp-da çatların eksportu və fotoların avtomatik yüklənməsinin qadağası funksiyası istifadəyə verilib

    Sosial Media
    23.04.2025
    Emil
         WhatsApp, istifadəçilərə söhbətlərində əlavə məxfilik səviyyəsi təmin edəcək yeni bir funksiyanın istifadəyə verildiyini elan edib. Advanced Chat Privacy adlanan bu yeni ayar, yazışmaların ixrac edilməsini və media fayllarının avtomatik olaraq cihazlara yüklənməsini həm sizin, həm də qarşı tərəfin cihazı üçün bloklayır. Əvvəllər WhatsApp-da mesajların yönləndirilməsinə qadağa qoymaq mümkün idi. Mesajlaşma artıq end-to-end şifrələmə ilə qorunur, lakin bu yeni funksiya məxfiliyi daha da gücləndirir. O, yalnız Meta AI ilə qarşılıqlı əlaqə imkanlarını məhdudlaşdırmaqla qalmır, həm də istifadəçilərə söhbətlərdə deyilən və göndərilən hər şeyin həmin çat çərçivəsində qalacağına dair əlavə güvən hissi verir.
         Qeyd etmək lazımdır ki, istifadəçilər hələ də ayrı-ayrı mesajların ekran görüntüsünü (screenshot) ala bilirlər. Lakin WhatsApp gələcəkdə Advanced Chat Privacy funksiyasını daha da genişləndirərək əlavə qoruma tədbirlərini tətbiq etməyi planlaşdırır - ola bilsin ki, növbəti versiyalardan birində ekran görüntülərinin yaradılmasına qadağa qoyulacaq. Şirkət vurğulayır ki, bu funksiya xüsusilə iştirakçıların bir-birilərinin şəxsən tanımadıqları, lakin həssas mövzuları müzakirə etdikləri hallarda faydalı ola bilər.
         Məsələn, söhbət dəstək qrupunda sağlamlıq problemlərinin müzakirəsindən və ya mühüm ictimai məsələlərdən gedə bilər. Yeni ayarı aktivləşdirmək üçün söhbətin adına toxunmaq və menyudan Advanced Chat Privacy bölməsini seçmək kifayətdir. Funksiya yaxın zamanda hamı üçün aktiv olacaq və həm fərdi, həm də qrup söhbətlərində əlçatan olacaq. Bu yenilik mövcud məxfilik funksiyalarını - məsələn, yox olan mesajlar və söhbətlərin bloklanması kimi - tamamlayır.
    Mənbə: Techcrunch
    Paylaş