X canlı yayımlara yenidən fokuslanır
Sosial Media
02.07.2026
Sevinj
X canlı yayım funksiyasını daha da populyarlaşdırmaq üçün yeni addım atıb. Şirkət yaradıcıları platformada daha çox canlı yayım etməyə təşviq etmək məqsədilə 1 milyon dollarlıq xüsusi mükafat fondu ayırdığını açıqlayıb.
X-in məhsul rəhbəri Nikita Bier platformada paylaşdığı məlumatda bildirib ki, yaxın dövrdə canlı yayım edən kontent istehsalçıları üçün yeni ödəniş sistemi istifadəyə veriləcək. Ödənişlərin hansı qaydada hesablanacağı hələ açıqlanmasa da, şirkət bununla bağlı daha ətraflı məlumatın yaxın zamanda paylaşılacağını vəd edib. Bununla yanaşı, X yeni "Live Studio" adlı canlı yayım idarəetmə mərkəzini də təqdim edib. Yeni alət yaradıcıların bir neçə addımda canlı yayım yaratmasına və idarə etməsinə imkan verir.
"Live Studio" vasitəsilə istifadəçilər:
- Yeni canlı yayım yarada;
- Yayıma başlıq və önizləmə şəkli əlavə edə;
- Yayımı əvvəlcədən planlaşdıra;
- Yayıma kimlərin baxa biləcəyini seçə;
- İzləyici şərhlərini və statistikanı real vaxtda izləyə biləcəklər.
Platforma həmçinin yaradıcılar üçün detallı analitika təqdim edir. Buraya eyni anda yayıma baxan insanların sayı, onların hansı ölkədən qoşulduğu və hansı cihazlardan istifadə etdiyi kimi məlumatlar daxildir. Hazırda X-də canlı yayım funksiyası yalnız aylıq 3 dollar ödəyən Premium abunəçilər üçün əlçatandır. Şirkətin bu addımı canlı yayım bazarında daha ciddi rəqabət aparmaq və platformanı yaradıcılar üçün daha cəlbedici etmək məqsədi daşıyır.
Paylaş