X platforması bir ildə 800 milyon hesabı bloklayıb
Sosial Media
10.03.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, X 2024-cü ildə spam və manipulyasiya ilə mübarizə çərçivəsində 800 milyondan çox hesabı dayandırdığını bildirib. Bu barədə məlumat Böyük Britaniya parlament üzvlərinə təqdim olunub. Platformanın qlobal hökumət əlaqələri üzrə rəhbəri Wifredo Fernandez video bağlantı vasitəsilə parlamentin xarici əlaqələr komitəsinə bildirib ki, dayandırılan hesablar əsasən platformada koordinasiyalı manipulyasiya və spam fəaliyyətlərinə görə bloklanıb.
Fernandezin sözlərinə görə, bu hesabların böyük hissəsi Rusiya ilə əlaqəli şəbəkələrə aid olub. O bildirib ki, həmin hesablar xüsusilə 2024 ABŞ Prezident seçkiləri ətrafında ictimai rəyi təsirləndirmək və cəmiyyətdə parçalanma yaratmaq məqsədilə müxtəlif narrativlər yaymağa çalışıb. Onun açıqlamasına görə, platformada manipulyasiya cəhdləri yalnız Rusiya ilə məhdudlaşmır. Spam və təsir əməliyyatlarında Çin və İran mənşəli aktorların da iştirak etdiyi qeyd olunub.
Statista platformanın 2024-cü ilin əvvəlində təxminən 429 milyon istifadəçisi olduğunu təxmin edir. Bəzi məlumatlara görə isə platformanın aylıq aktiv istifadəçi sayı təxminən 300 milyon civarındadır. Buna baxmayaraq, platforma təkcə 2024-cü il ərzində yüz milyonlarla hesabı spam və manipulyasiya səbəbi ilə dayandırdığını bildirir.
Paylaş