
YouTube istifadəçilərin yaşını süni intellekt vasitəsilə təyin edəcək
Sosial Media
30.07.2025
Emil
13 avqustdan etibarən YouTube istifadəçilərin yaşını müəyyən etmək üçün süni intellekt əsaslı texnologiyadan istifadə etməyə başlayacaq. Platforma istifadəçi fəaliyyətini və hesabın yaşını analiz edərək, yetkinlik yaşına çatmayanları müəyyən edəcək və onların profillərinə avtomatik olaraq müvafiq məhdudiyyətlər tətbiq edəcək. Süni intellekt tərəfindən yetkinlik yaşına çatmayan (18 yaşdan aşağı) kimi müəyyən edilən istifadəçilərə, yaşını özü düzgün göstərmiş şəxslərlə eyni müdafiə tədbirləri tətbiq olunacaq. Bu tədbirlərə müəyyən məzmunlu videoların izlənilməsinə qadağa, fərdiləşdirilməmiş reklamların göstərilməsi, fasilə vermə zərurəti barədə bildirişlər və həssas mövzularda təkrarlanan tövsiyələrin məhdudlaşdırılması daxildir.

Belə istifadəçilər video yayımlayarkən və ya şərh yazarkən onlara məxfilik barədə avtomatik xatırlatmalar da göstəriləcək. Əgər sistem istifadəçinin yaşı ilə bağlı şübhə edərsə, həmin şəxsə bildiriş göndəriləcək. Səhv baş verdiyi halda yaşı təsdiqləmək üçün rəsmi sənəd yükləmək, selfi çəkmək və ya kredit kartı məlumatlarını daxil etmək tələb oluna bilər. YouTube eyni zamanda xəbərdarlıq edir ki, bəzi kontent müəllifləri yeniyetmələr kateqoriyasına aid edilən auditoriyanın sayında dəyişikliklərlə qarşılaşa bilərlər. Bu isə fərdiləşdirilmiş reklamların həcminə təsir edəcək və potensial olaraq reklam gəlirlərini azalda bilər. Xatırladaq ki, bu ilin əvvəlində Google istifadəçilərin yaşını qiymətləndirmək üçün machine learning texnologiyasından istifadə etməyi planlaşdırdığını açıqlamışdı. Bu addım internetdə uşaqların qorunması ilə bağlı qlobal tədbirlərə uyğundur.

Məsələn, ötən həftə Böyük Britaniyada yetkinlər üçün nəzərdə tutulan və ya digər zərərli məzmunlu saytlarda yaşın yoxlanmasını tələb edən qaydalar qüvvəyə minib. ABŞ-ın bir neçə ştatı da yetkinlik yaşına çatmayan şəxslərin bu cür saytlara girişini qadağan edən qanunlar qəbul edib, lakin sosial şəbəkələrə yönəlik oxşar təşəbbüslər hələlik uğur qazanmayıb. Avropa Birliyi isə yaşın təsdiqi üçün gələcəkdə rəqəmsal şəxsiyyət vəsiqələri ilə inteqrasiya olunacaq sistem prototipini sınaqdan keçirir. YouTube-un məhsul üzrə direktoru James Beser bildirib ki, yaxın həftələrdə machine learning texnologiyası ABŞ-da az sayda istifadəçi qrupuna tətbiq ediləcək və onların yaşını müəyyən etmək üçün istifadə olunacaq. Onun sözlərinə görə, bu yenilik digər ölkələrdə tətbiq olunmazdan əvvəl diqqətlə izləniləcək.
Paylaş