YouTube üçüncü tərəf brauzerlərdə background playback-i bloklayır
Sosial Media
03.02.2026
Ilhama
Technote.az "The Verge” platformasına istinadən bildirir ki, YouTube mobil brauzerlər üzərindən arxa planda video səsləndirilməsi ilə bağlı boşluğu bağlamağa başlayıb. İndiyədək bir çox istifadəçi rəsmi iOS və Android tətbiqləri əvəzinə üçüncü tərəf brauzerlərdən istifadə edərək YouTube videolarını ekran sönülü halda dinləyə bilirdi. Bu imkan artıq əlçatmaz olur.
Məsələ ondadır ki, arxa planda video səsləndirilməsi rəsmi olaraq yalnız YouTube Premium abunəçiləri üçün nəzərdə tutulub. Google nümayəndəsinin Android Authority-yə verdiyi açıqlamaya görə, bu funksiya Premium istifadəçilər üçün eksklüzivdir və əvvəllər bəzi mobil brauzerlərdə təsadüfən aktiv olan bu imkan indi bütün platformalarda vahid şəkildə məhdudlaşdırılır.
Son günlərdə ilk şikayətlər Samsung Internet istifadəçilərindən gəlib. Daha sonra isə eyni problem Brave, Vivaldi və Microsoft Edge brauzerlərində də qeydə alınıb. Bununla belə, bəzi Firefox istifadəçiləri brauzerin “user-agent” parametrini Android VR olaraq dəyişməklə bu məhdudiyyəti hələlik aşmağı bacardıqlarını bildirirlər. Ancaq bunun da müvəqqəti həll olduğu ehtimal edilir.
Paylaş