main-post-cover

    500 milyard dollar dəyərində potensial cərimə: Texas ştatının baş prokuroru Meta-nı məhkəməyə verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    14.02.2022
    Emil Nəcəfov
        Texas ştatının baş prokuroru Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Onun sözlərinə əsasən Meta şirkətinə məxsus olan və Facebook-da artıq müəyyən müddət ərzində istifadə edilməyən üz skanı texnologiyası Texas sakinlərinin konfidensiallıqlarını pozub. Sözügedən məsələ ilə yaxından məlumatlı şəxslərin sözlərinə əsasən qaldırılmış məhkəmə iddiası milyardlarla dollar dəyərində inzibati cərimənin təyin edilməsini tələb edir. Texas ştatının baş prokuroru Ken Paxton öz bəyanatında bildirib ki, Facebook istifadəçiləri tərəfindən 2010-cu ildən 2021-ci ilin sonuna kimi sosial şəbəkəyə yüklənmiş fotolarda istifadə edilmiş üz skanı texnologiyası Texas ştatının çoxlu sayda qanununun pozulmasına yol açıb. “Facebook öz korporativ mənfəəti üçün gizli şəkildə Texas sakinlərinin fərdi məlumatlarını yığır” - deyə prokuror qeyd edib.

    Onun sözlərinə əsasən Texas ştatının qanunvericiliyi bu cür məlumat yığımını artıq 20 ildir ki, qadağan edir.

        Meta şirkəti öz növbəsində bu məsələyə hələ heç bir reaksiya verməyib. Qeyd etmək lazımdır ki, şirkət daha əvvəl buna bənzər məhkəmə iddiasını İllinoys ştatında nizamlamışdı. Həmin vaxtda şirkət 650 milyon dollar təzminat ödəmişdi. 2015-ci ildə qaldırılmış kollektiv məhkəmə iddiası şirkət tərəfindən təkzib edilə bilmədi və 2020-ci ildə o, təzminat ödənişini qəbul etdi. Texas ştatının prokuroru bildirib ki, Facebook-un üz skanı sistemi üz cizgilərinin təyin edilməsi məsələsində ştatın hüquqi tələblərini nəzərə almayıb. Texas ştatının qanunvericiliyi istifadəçilərin icazələri olmadan onların biometrik məlumatlarının yığılmasını və bu cür məlumatların mübadiləsini qadağan edir. İlinoys ştatının kollektiv məhkəmə iddiasına səbəb olmuş qanunvericiliyindən fərqli olaraq Texas ştatının qanunvericiliyi yalnız baş prokuror tərəfindən yerinə yetirilə bilər.

    Qanunvericilik isə hər bir qanun pozuntusuna görə 25.000$ dəyərində cərimənin təyin edilməsini tələb edir. Rəsmi məlumata əsasən 2021-ci ildə Facebook-da 20 milyon Texas sakini qeydiyyatdan keçib. Bu isə 500 milyard dollar deməkdir.

        Texas ştatı öz növbəsində əvvəlki qanun pozuntularına görə Meta şirkətinə qarşı mülki sanksiyaların təyin edilməsinə nail olmağa çalışır. Ştat həmçinin gələcəkdə üz skanı sistemləri tərəfindən əldə edilə biləcək məlumatların istənilən qanunsuz istifadələrinin qarşısını almağı hədəfləyib. Baş prokurorun fikirlərinə əsasən Meta şirkəti Texas sakinlərinin vətəndaş hüquqlarını pozaraq yığılmış məlumatlardan əlavə gəlir mənbəyi kimi istifadə edə bilər. O bildirib ki, şirkət mağaza ziyarətçilərinin üzlərini skan edərək əldə edilmiş məlumatları həmin şəxslərin sosial şəbəkədəki istifadəçi hesabları ilə müqayisə edən sistemlərin patentlərini əldə edib. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda Meta şirkəti üz skanı texnologiyasının sosial şəbəkədə istifadəsindən imtina edəndən sonra Texas ştatı mövcud olan məlumatların silinməməsini şirkətdən tələb etmişdi.
    Linki kopyala