
ABŞ-da Huawei və ZTE şirkətlərinin telekommunikasiya təchizatlarının satışları qadağan ediləcək
Startup və Biznes
17.10.2022
Emil
ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) ölkə ərazisində Huawei və ZTE şirkətlərinin istənilən yeni telekommunikasiya təchizatlarının və Çinin videomüşahidə sistemlərinin hazırlanması ilə məşğul olan 3 şirkətin məhsullarının satışlarını qadağan etmək niyyətindədir. Məlumatda qeyd edilib ki, bu məhdudlaşdırıcı tədbirlər mili təhlükəsizliyin təmin edilməsi səbəbilə yerinə yetiriləcək. Bu qərar FCC-nin elektron təchizatların satışlarına milli təhlükəsizlik səbəbilə qadağa qoyması üzrə ilk haldır. FCC bu addımı atmaqla Çindən olan şirkətlərə qarşı təzyiqi artırır. Bu təzyiq hələ ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın vaxtlarından göstərilir.
Bu qadağa həmçinin informasiya təhlükəsizliyi sahəsindəki mütəxəssislərin, analitiklərin və o cümlədən kəşfiyyat orqanlarının vermiş olduqları bəyanatların kulminasiya nöqtəsidir. Onlar artıq uzun illər ərzində bildirirlər ki, Çin şirkətləri tərəfindən istehsal olunan telekommunikasiya təchizatları Çin hökuməti tərəfindən casusluqda istifadə edilə bilər. Verilmiş məlumata əsasən FCC-nin rəhbəri Jessika Rosenworcel Huawei və ZTE şirkətlərinin telekommunikasiya təchizatlarının qadağan edilməsinə dair əmri əks etdirən layihəni bu ayın əvvəlində təqdim edib. Yaxın müddətdə bu mövzu ilə bağlı səsvermə keçiriləcək və sənədin qəbul ediləcəyi halda ABŞ ərazisində adları sadalanmış şirkətlərin telekommunikasiya təchizatlarının satışları qadağan ediləcək.
Səsverməyə çıxarılacaq sənəddə həmçinin Çinin videomüşahidə sistemlərini istehsal edən 3 şirkətinin məhsullarının da satışlarına ABŞ ərazisində qadağa qoyulması təklifi əks olunub. Söhbət, Hytera Communications Corporation, Hikvision və Dahua Technology Company adlı şirkətlərdən gedir. Bununla belə qadağa yalnız yeni təchizatları əhatə edəcək. Belə ki, Çindən olan şirkətlər ABŞ-ın yerli nizamlayıcı orqanları tərəfindən artıq təsdiqlənmiş məhsullarını satmağa davam edə biləcəklər.
Paylaş
Bənzər xəbərlər