Logo
    main-post-cover

    Keçmiş Apple işçisi şirkətə 17 milyon dollar dəyərində zərər vurub

    Startup və Biznes
    03.11.2022
    Emil
        Apple şirkətinin keçmiş əməkdaşı olan Dhirendra Prasad şirkətə 17 milyon dollar dəyərində zərər vurduğunu boynuna alıb. Baş tutmuş məhkəmə prosesi çərçivəsində Prasad 2011-ci ildən 2018-ci ilə kimi şirkətdən külli miqdarda pul vəsaitinin oğurlanması üzrə reallaşdırmış olduğu bütün dələduzluq sxemlərini etiraf edib. Prasad Apple şirkətinin qlobal təchizat şöbəsində çalışıb. Kaliforniyanın rayon prokurorunun bəyanatında qeyd edilib ki, günahlandırılan şəxs dələduzluq sxemlərindən istifadə etdiyini etiraf edib.
        Prasad tərəfindən reallaşdırılmış dələduzluq sxemləri arasında rüşvətxorluq, hesabların daha yüksək şəkildə təqdim edilməsi, müxtəlif komponentlərin oğurlanması və yerinə yetirilməmiş xidmətlərin ödənilməsi üçün saxta bank hesablarından istifadə var. İstintaq nəticəsində təyin olunub ki, Apple şirkətinin dolandırılması zamanı Prasad daha çox şirkət tərəfindən artıq əldə edilmiş komponentlərin şirkətə yenidən satılması sxemindən istifadə edib. Belə ki, Prasad müxtəlif komponentləri oğurlayaraq onları yenidən təchizatçıya göndərib.
        Təchizatçıda isə həmin komponentlər yenidən qablaşdırılaraq Apple şirkətinə yeni məhsul qismində təkrar olaraq satılıb. Prasad etiraf edib ki, o, bu cür dələduzluq sxemlərindən 2018-ci ilə kimi istifadə edib və bu müddət ərzində Apple şirkətinə 17 milyon dollar dəyərində zərər dəyib. Bu cür dələduzluqlarda günahlandırılan bu şəxs nəticədə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər. Məhkəmənin yekun qərarı gələn ilin yaz fəslində veriləcək.
    Paylaş
    Bənzər xəbərlər