
Threads 2 ildən sonra Meta-ya illik 8 milyard dollar gəlir gətirə bilər
Startup və Biznes
11.07.2023
Emil
Evercore ISI adlı konsaltinq şirkətinin analitiklərinin fikirlərinə əsasən keçən həftə istifadəyə verilmiş Twitter analoqu Threads yaxın bir neçə il ərzində Meta şirkətinə külli miqdarda gəlir gətirə bilər. Analitiklərin proqnozlarına əsasən sözügedən yeni servisin gündəlik aktiv istifadəçi kütləsi 200 milyona, Meta-nın ondan əldə edəcəyi gəlir isə yaxın iki il ərzində 8 milyard dollara çatacaq. Özünü Twitter-in analoqu kimi qələmə verən Threads 6 iyul tarixində istifadəyə verildi və 5 gün ərzində onun istifadəçi kütləsi 100 milyona çatdı.
Threads-dən istifadə etmək üçün Instagram hesabına sahib olmaq kifayətdir. Meta şirkətinin miqyasında proqnozlaşdırılan gəlir miqdarı böyük deyil. Analitiklərin proqnozlarına əsasən 2025-ci ildə Meta-nın ümumi gəliri 156 milyard dollar təşkil edəcək. Yenə də 8 milyard dollarlıq gəlir Twitter-in son 1 il ərzində qazanmış olduğu 5.1 milyard dollarlıq gəlirdən daha çoxdur. Analitiklər əmindirlər ki, yaxın zamanda Threads-in maliyyə göstəriciləri o qədər də diqqət çəkən olmayacaqlar. Belə ki, Meta onun monetizasiyasından öncə inkişafı ilə məşğul olacaq.
Paylaş
Bənzər xəbərlər