2025-ci ildə Hindistanda 25,5 milyard tətbiq yüklənib
Süni İntellekt
21.01.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Hindistan tətbiq bazarı 2025-ci ildə yenidən sürətli artım mərhələsinə daxil olub. Sensor Tower tərəfindən yayımlanan yeni hesabatda qeyd olunur ki, ölkədə tətbiq yükləmələrinin sayı 25,5 milyarda çataraq 2024-cü illə müqayisədə nəzərəçarpacaq artım göstərib.
Xatırladaq ki, 2023-cü ildə bu göstərici 25,9 milyard olduğu halda, 2024-cü ildə 24,6 milyarda düşmüşdü. 2025-ci ildə isə bazar yenidən bərpa olunub. Hesabata görə, Hindistan dünya üzrə ən çox tətbiq yüklənən ölkə olaraq qalır, lakin istifadəçi xərclərinə görə ilk 20 bazar sırasında yer almır. İstifadəçi aktivliyi də ciddi şəkildə artıb. Tətbiqlərdə sərf olunan ümumi vaxt 2024-cü ildəki 1,13 trilyon saatdan 2025-ci ildə 1,23 trilyon saata yüksəlib. Bu artım əsasən süni intellekt əsaslı tətbiqlər və “mikrodrama” formatlı qısa serial platformaları hesabına baş verib.
Kateqoriyalar üzrə baxıldıqda isə sosial şəbəkə, messencer və təhlükəsizlik tətbiqlərində eniş müşahidə edilib. Əvəzində AI köməkçiləri, mikrodrama tətbiqləri, video redaktorlar, sosial tanışlıq və sürətli ərzaq çatdırılması tətbiqləri sürətlə böyüyüb. Qısa serial (microdrama) tətbiqlərinin yüklənməsi ölkə üzrə 350 milyondan çox artıb. AI köməkçi tətbiqlərində isə artım 346 milyon olub. Bu, qlobal trendin Hindistanda da güclü şəkildə əks olunduğunu göstərir.
Generativ süni intellekt tətbiqləri 2024-cü ildə 198 milyon dəfə yüklənmişdisə, 2025-ci ildə bu rəqəm 602 milyona yüksəlib. Bu artımın əsas səbəbləri arasında OpenAI və Google kimi şirkətlərin yeni AI modellərini istifadəyə verməsi və bir çox platformanın Hindistan bazarında premium planları pulsuz təqdim etməsi göstərilir.
Paylaş