Google-un AI podkast aləti məhkəməlik oldu
Süni İntellekt
17.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ-nin tanınmış radio aparıcısı David Greene Google-a qarşı məhkəmə iddiası qaldırıb. O iddia edir ki, şirkət onun səsini icazəsiz şəkildə süni intellekt aləti olan NotebookLM üçün təqlid edib.
Greene daha əvvəl NPR-in məşhur “Morning Edition” proqramının aparıcısı olub və hazırda NPR-in üzv stansiyası KCRW-də yayımlanan “Left, Right & Center” podkastına rəhbərlik edir. O bildirib ki, NotebookLM-in avtomatik podkast yaratma funksiyası barədə keçmiş həmkarından eşidib və səsin özünə bənzədiyini anlayanda “tamamilə şoka düşüb”.
Yanvarın 23-də Kaliforniyada təqdim olunan məhkəmə sənədində deyilir ki, Google “cənab Greene-in illər boyu formalaşmış və fərqləndirici xüsusiyyətlərə malik səsini, onun danışıq tərzini, intonasiyasını və üslubunu sintetik audio məhsulunda təqlid etməyə çalışıb”. İddiada şirkətin Kaliforniya ştatının “ictimaiyyət hüququ” (right to publicity) qanununu və ədalətsiz rəqabət qanunvericiliyini pozduğu, həmçinin aparıcının səsindən haqsız qazanc əldə etdiyi bildirilir.
Google isə ittihamları qəti şəkildə rədd edib. Şirkətin sözçüsü Jose Castaneda mediaya açıqlamasında bildirib ki, NotebookLM-də istifadə olunan kişi səsi Google tərəfindən ödənişli əsasda cəlb edilmiş peşəkar aktyora məxsusdur və Greene ilə heç bir əlaqəsi yoxdur.
Paylaş