Apple 200 000 nəfərlə AI sağlamlıq cavablarının faydasını ölçəcək
Süni İntellekt
16.11.2026
“Apple” insanların süni intellekt əsaslı sağlamlıq alətləri ilə necə ünsiyyət qurduğunu öyrənmək üçün yeni tədqiqat elan edib. “Apple Health AI Usage Study” adlı layihədə verilən cavabların nə qədər faydalı olduğu araşdırılacaq. Tədqiqat klinik süni intellekt platforması “OpenEvidence” ilə birlikdə aparılır. Məqsəd sağlamlıqla bağlı cavabları daha dəqiq və anlaşılan etməkdir.
Tədqiqat üçün hazırlanmış yeni iOS tətbiqini artıq yükləmək olur, iştirakçı qeydiyyatı da başlayıb. “Apple” 200 000 iştirakçı cəlb etməyi planlaşdırır. Proqrama qoşulmaq üçün ən azı 21 yaşında olmaq və ABŞ-də yaşamaq lazımdır. Tətbiq yalnız iOS 26 və ya daha yeni sistem qurulmuş “iPhone 15 Pro”da işləyir. Proqramda “Apple Intelligence” xidmətindən istifadə olunmur.
İştirakçılar tətbiqdə sağlamlıqla bağlı suallar verəcək, sonra aldıqları cavabları qiymətləndirəcəklər. Cavabın dəqiqliyinə, nə qədər ətraflı olmasına və mövzuya uyğunluğuna baxılacaq. Məlumatlar sadə dildə yazılacaq və mütəxəssislərin yoxladığı klinik mənbələrə keçidlər də olacaq. Bu mənbələrə “The New England Journal of Medicine” kimi tibbi nəşrlər daxildir. Sualları mətnlə yazmaq və ya iOS klaviaturasındakı diktə funksiyası ilə səslə demək olar.
Qeydiyyat zamanı iştirakçılar “HealthKit”də saxlanılan məlumatlarını könüllü paylaşa bilərlər. Bunlara fiziki aktivlik, yuxu və laborator analiz nəticələri daxildir. Həmin məlumatlar cavabların istifadəçinin sağlamlıq vəziyyətinə uyğunlaşdırılmasına kömək edəcək. “Apple” deyir ki, məlumatlar məxfi qalacaq və süni intellekt modellərinin öyrədilməsi üçün işlədilməyəcək.
Tədqiqatın nəticələri süni intellekt əsaslı sağlamlıq alətlərinin quruluşunu və funksiyalarını yaxşılaşdırmaq üçün işlədiləcək. “Apple” insanların cavabları necə başa düşdüyünü və gündəlik həyatda onlardan necə yararlandığını öyrənmək istəyir. Şirkətin sağlamlıq və fitnes üzrə vitse-prezidenti Sumbul Desai deyib ki, bu sahədə etibarlı alətlər hazırlamaq üçün elmi və klinik yanaşma vacibdir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar