Apple süni intellekt funksiyalarını gündəlik limitləməyi sınayır
Süni İntellekt
17.11.2026
“Apple” “iOS 27.3” beta 2, “iPadOS 27.3” və “macOS 27.3” sınaq versiyalarında “Siri AI” və “Apple Intelligence” üçün gündəlik istifadə limitlərini yoxlayır. Daha yüksək limitlər uyğun “iCloud+” abunəliyi ilə açılacaq. Qayda serverdə işləyən güclü modellərə ehtiyac duyan funksiyalara aiddir. Taymer qurmaq kimi əsas “Siri” əmrləri pulsuz və limitsiz qalacaq.
Limitlər 4 əsas funksiya qrupunu əhatə edir. Buraya şəxsi məlumatları anlayan və bir neçə mərhələli tapşırıqları yerinə yetirən “Siri AI” sorğuları daxildir. “Photos” tətbiqindəki “Clean Up”, “Extend”, “Spatial Reframing” və “Image Playground” alətləri də limitlə işləyəcək. Siyahıda “Shortcuts” daxilindəki “AFM Cloud” və “Cloud Pro” modelləri, eləcə də bu bulud modellərindən yararlanan kənar tətbiqlər var.
Yeni qaydalara görə, məhdudiyyətlər hər cihaz üçün ayrıca hesablanır. Yəni “iPhone”, “iPad” və “Mac” əvvəlcə öz standart gündəlik payını işlədəcək. Bundan sonra uyğun “iCloud+” planının əlavə payı “Apple Account”a qoşulmuş cihazlar və ailə üzvləri arasında bölünəcək. Ortaq payı ilk sorğu göndərən işlədəcək. Konkret limitlər hələ açıqlanmayıb. Onlar funksiyaya, sorğunun nə qədər mürəkkəb olduğuna və sistemdəki yükə görə dəyişəcək.
“iCloud+” planlarının qiymətləri dəyişməyəcək, amma 50 GB plan əlavə istifadə payı verməyəcək. 200 GB plan aylıq 2,99 dollara (təxminən 5 manat) gündəlik limiti 2 dəfə artıracaq. 2 TB plan aylıq 9,99 dollara (təxminən 17 manat) 5 dəfə yüksək limit açacaq. 6 TB planın qiyməti aylıq 29,99 dollar (təxminən 51 manat), limiti isə standartdan 10 dəfə çox olacaq. 12 TB plan aylıq 59,99 dollara (təxminən 100 manat) istifadə payını 20 dəfə artıracaq.
İstifadəçi limitə yaxınlaşanda işlətdiyi funksiyanın daxilində xəbərdarlıq görəcək. Pay bitdikdə limiti yenilənənədək gözləmək və ya daha yüksək “iCloud+” planına keçmək lazım gələcək. Limitlər adətən hər gün gecə yarısına yaxın sıfırlanacaq, işlədilməyən pay da növbəti günə keçməyəcək. Taymer və zəngli saat qurmaq kimi sadə “Siri” əmrləri işləməyə davam edəcək. E-poçtdakı restoran sifarişini tapıb təqvimə əlavə etmək kimi şəxsi məlumat tələb edən sorğular gündəlik limitdən çıxılacaq.
“Apple” ötən həftə “Logic Pro” tətbiqinə ağıllı köməkçi üçün əlavə istifadə paketi almaq seçimi də əlavə edib. “Intelligence Usage Pack” adlı paket 49,99 dollara (təxminən 85 manat) satılacaq. Eyni seçimin bu ay “Pixelmator Pro”, “Final Cut Pro”, “Motion”, “Pages”, “Keynote” və “Numbers” tətbiqlərinə də əlavə olunacağı gözlənilir. Bu paketlər “iCloud+” planlarından ayrıca satılacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar