Logo
    main-post-cover

    ChatGPT 3 yaşında! İllər ərzində nələr dəyişdi?

        Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, 30 noyabr 2022-ci ildə OpenAI “ünsiyyət qura bilən bir model” kimi təqdim etdiyi ChatGPT-ni istifadəyə verdi. Sadə görünən bu açıqlamanın arxasında isə texnologiya dünyasını tamamilə dəyişəcək bir inqilab dayanırdı. Buraxılışından sonra ChatGPT həm biznes, həm də texnologiya sektorlarında böyük dönüş yaratdı və qısa müddətdə dünyanın ən populyar tətbiqlərindən birinə çevrildi. Hazırda belə Apple-ın pulsuz tətbiqlər reytinqində birinci yerdə qalır. Eyni zamanda yüzlərlə yeni generativ AI məhsulunun yaranmasına təkan verdi.
        Texnologiya analitikləri ChatGPT-nin təsirinin artıq qlobal səviyyəyə yüksəldiyini bildirirlər. “Empire of AI” kitabının müəllifi Karen Hao TechCrunch-a müsahibəsində OpenAI-ın bir çox dövlətlərdən daha güclü təsir imkanına sahib olduğunu və geopolitikanı yenidən formalaşdırdığını deyir.
        The Atlantic yazarı Çarli Varzel isə hazırkı dövrü “ChatGPT-nin qurduğu dünya” olaraq adlandırır. Onun sözlərinə görə, süni intellektin sürətli inkişafı həm gənclər, həm də yaşlı nəsildə gələcək kariyera ilə bağlı qeyri-müəyyənlik yaradıb. Bununla belə, süni intellektin tərəfdarları daha optimistdir. Onlar həm yeni iqtisadi dəyər yaradılacağını, həm də bu sahəyə qoyulan sərmayələrin uzunmüddətli gəlir gətirəcəyini düşünürlər. Lakin Varzelin fikrincə, hətta AI-a böyük yatırım edənlər belə gözləmə rejimindədir, çünki generativ AI heç vaxt final versiyasında olmayan, daima inkişaf edən bir texnologiyadır.
        Bloomberg isə ChatGPT-nin maliyyə bazarlarına təsirinə nəzər salır. Burada ən böyük qalib Nvidia olub: şirkətin səhmləri ChatGPT-nin təqdimatından bəri 979 % artıb. Bu yüksəliş digər böyük texnologiya nəhənglərini də irəli çəkib. S&P 500 indeksində ən yüksək dəyərə malik yeddi şirkət: Nvidia, Microsoft, Apple, Alphabet, Amazon, Meta və Broadcom artıq ümumi bazar çəkisinin 35 %-ni təşkil edir. Bu rəqəm üç il əvvəl 20 % idi.
        Bu artım nə qədər davam edəcək? Bir çox AI rəhbərləri artıq süni intellekt sahəsində “balon” yarandığını etiraf edir. OpenAI rəhbəri Sam Altman avqustda jurnalistlərlə görüşdə: “AI sahəsində hansısa tərəf inanılmaz dərəcədə böyük məbləğdə pul itirəcək”, - deyə xəbərdarlıq edib. OpenAI İdarə Heyətinin sədri və Sierra CEO-su Bret Teylor isə süni intellektin vəziyyətini 90-cı illərin dot-com dövrünə bənzədir: “Bəzi şirkətlər uğursuz olacaq, amma AI iqtisadiyyatı internet kimi dəyişəcək və böyük dəyər yaradacaq”.
    Paylaş