ChatGPT-də gün ərzində yaranan nasazlıq aradan qaldırıldı
Süni İntellekt
04.02.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, dünən axşam saatlarında ChatGPT-dən istifadə edən minlərlə istifadəçi xidmətə giriş zamanı problemlərlə üzləşib. Down Detector platformasına görə, nasazlığın pik nöqtəsində 12 mindən çox istifadəçi problem barədə bildiriş göndərib.
OpenAI qısa müddət sonra rəsmi status yeniləməsi paylaşaraq, ChatGPT və Platform istifadəçiləri üçün “yüksək xəta səviyyələrinin” müşahidə edildiyini açıqlayıb. Şirkət problemin yerli vaxtla saat 17:14-də (ET) tam şəkildə aradan qaldırıldığını bildirib.
Bununla belə, OpenAI hazırda API xidmətinin “fine-tuning” komponenti ilə bağlı aktiv status xəbərdarlığını saxlayır. Şirkətin açıqlamasına görə, lazımi texniki tədbirlər görülüb və sistemin bərpası izlənilir.
Eyni gün ərzində başqa bir süni intellekt çatbotu olan Anthropic-in Claude platformasında da oxşar nasazlıq yaşanıb. Şirkət API üzərindən bütün Claude modellərində “yüksək xəta səviyyəsi” qeydə alındığını bildirib. Claude ilə bağlı problem yerli vaxtla saat 13:00-da həll edilib.
Paylaş