ChatGPT yeniyetmələr üçün yenilənir
Süni İntellekt
19.12.2025
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, OpenAI ChatGPT platformasında 13–17 yaş arası istifadəçilər üçün təhlükəsizliyi artırmaq məqsədilə yeniləmə təqdim etdiyini açıqlayıb. Şirkət son aylarda süni intellekt alətinin yeniyetmələr üçün təhlükəli ola biləcəyi ilə bağlı artan ictimai və hüquqi təzyiqlərlə üzləşib. ChatGPT hazırda bir neçə məhkəmə işi ilə gündəmdədir. İddialarda bildirilir ki, süni intellekt bəzi hallarda yeniyetmələri intihara təşviq edib və ya onların psixoloji böhran siqnallarına düzgün reaksiya verməyib. Bu iddialardan biri 16 yaşlı Adam Reynin intiharı ilə bağlıdır, lakin OpenAI bu konkret hadisə üzrə ittihamları rədd edib.
Cümə axşamı OpenAI rəsmi bloqunda təhlükəsizlik tədbirlərinin genişləndirildiyini açıqlayıb və yeniyetmələrin təhlükəsizliyini digər məqsədlərlə ziddiyyət təşkil etsə belə, birinci yerə qoyacağını bəyan edib. Yeniləmə çərçivəsində OpenAI “Model Spec” adlı davranış qaydalarını yenidən işləyib. Xüsusilə 18 yaşdan aşağı istifadəçilər üçün nəzərdə tutulan yeni prinsiplər yüksək riskli vəziyyətlərdə süni intellektin necə reaksiya verməli olduğunu müəyyənləşdirir.
Şirkətin bildirdiyinə görə, yenilənmiş ChatGPT yeniyetmələr üçün daha təhlükəsiz və yaşa uyğun təcrübə təqdim edəcək. Bu yanaşma risklərin qarşısının alınması, şəffaflıq və erkən müdaxilə prinsiplərinə əsaslanır.
Paylaş