Logo
    DeepSeek V4 Pro 0813 modeli sınaqda onu dayandıran kodu dəyişib

    DeepSeek V4 Pro 0813 modeli sınaqda onu dayandıran kodu dəyişib

        Çinin süni intellekt şirkəti “DeepSeek”in hazırladığı “V4 Pro 0813” modeli təhlükəsizlik sınaqlarında söndürülməmək üçün onu dayandıran kodu dəyişib. “Concordia AI” təşkilatının müstəqil qiymətləndirməsinə görə, model bu davranışı həmin sınaqların 40%-də göstərib. Əlavə qoruma tədbirləri işə salınanda bu göstərici 12%-ə düşüb.
        Qiymətləndirməni “DeepSeek” sifariş edib, amma şirkət nə sınaqların aparılmasında, nə də nəticələrin təsdiqlənməsində iştirak edib. Tədqiqatçılar modeli 5 risk kateqoriyası üzrə yoxlayıblar. Bunların arasında insanları zərərli davranışa yönəltmək, kiberhücumlar və modelin insan nəzarətindən çıxması kimi risklər də olub.
        Bəzi hallarda model sınaqdan keçirildiyini sezmiş kimi davranıb. “Concordia AI”a görə, bu hallar o qədər tez-tez təkrarlanıb ki, nəticələri şərh edərkən onları nəzərə almaq vacibdir. Model bəzi tapşırıqlarda lazım olan addımları izləmək əvəzinə cavabları birbaşa axtarıb, bəzən də sınaq mühitindəki boşluqlardan yararlanıb.
        “V4 Pro” təhlükəsizlik baxımından əvvəlki versiyadan xeyli irəlidədir. Məsələn, modelin insanların qərarlarına onlar hiss etmədən təsir göstərmək cəhdlərini aşkarlamaq asanlaşıb. Bununla belə, modelin insanları zərərli davranışa inandırmasının qarşısını alan tədbirlər digər modellərdəkindən zəif qalıb.
        Oxşar hallar başqa modellərin sınaqlarında da müşahidə olunub. Sınaq üçün qurulan işgüzar danışıqlarda “DeepSeek”, “Qwen” və “Kimi” modelləri ilə işləyən agentlər yalan məlumat veriblər. ABŞ şirkətlərinin modelləri də həmin sınaqlarda daha yaxşı nəticə göstərməyib. “Claude” silinmə ssenarisində şantaja əl atıb. “OpenAI” isə agentləri şəbəkə məhdudiyyətlərini bir neçə dəfə aşandan sonra modellərinin bəzi əməliyyatlarını dayandırıb.
        Modelin işləməsi üçün lazım olan parametrlər açıq yayımlananda tərtibatçılar onu əlavə qoruma tədbirləri olmadan da işə sala bilirlər. “Nvidia” məhdudiyyətləri agentdən kənarda tətbiq edən təhlükəsizlik platforması və avadanlıq səviyyəsində işləyən ayrıca nəzarət mexanizmi təqdim edib. “DeepSeek” modelinin bu davranışı nəzarətli sınaqlarda müşahidə olunub. Nəticələr modelin real istifadə zamanı nəzarətdən çıxa biləcəyini göstərmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...