Logo
    main-post-cover

    Google Gemini Spark agentik süni intellekt köməkçisinə çıxışı daha çox istifadəçi üçün genişləndirir

        Google bu il keçirilən I/O tərtibatçılar konfransında təqdim etdiyi süni intellekt köməkçisi Gemini Spark-a çıxışı daha çox istifadəçi üçün genişləndirir.
        Yeni genişləndirmə çərçivəsində ABŞ-də aylıq 20 dollar ödəyən Google AI Pro abunəçiləri də Spark-dan istifadə edə biləcəklər. Xidmət həmçinin Google AI Ultra abunəçiləri üçün qlobal miqyasda əlçatan olur. Bununla belə, Avropa İqtisadi Zonasına daxil olan ölkələrdə, İsveçrədə, Böyük Britaniyada və Nigeriyada yaşayan istifadəçilər hələlik bu imkandan yararlana bilməyəcəklər. Pulsuz istifadəçilər üçün isə Spark-a çıxış təqdim olunmur.
       Gemini 3.5 tərəfindən dəstəklənən Spark Google Workspace tətbiqləri ilə geniş şəkildə inteqrasiya olunur. İstifadəçilər kompüterdə yan panel, mobil cihazlarda isə menyu vasitəsilə Spark-a daxil olaraq ona müxtəlif tapşırıqlar verə bilərlər.
        Məsələn, Spark hər səhər istifadəçinin e-poçtlarını və təqvimini yoxlayaraq gün ərzində hansı işlərə üstünlük verilməli olduğunu bildirə bilər. Bundan əlavə, müəyyən şəxslərdən gələn e-poçtlara avtomatik cavab qaralamaları hazırlamaq və uzun e-poçt yazışmalarını qısa şəkildə ümumiləşdirmək mümkündür.
        Spark həmçinin görüş qeydləri və e-poçtlardan istifadə edərək Google Docs-da ətraflı hesabatlar hazırlaya bilir. Google bildirir ki, bunlar süni intellekt köməkçisinin yerinə yetirə biləcəyi tapşırıqlardan yalnız bir neçəsidir və istifadəçilər digər imkanlar barədə şirkətin dəstək səhifələrindən məlumat əldə edə bilərlər.
    Paylaş