Logo
    main-post-cover

    Google Pentaqona AI çıxışını genişləndirir

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin Müdafiə Nazirliyi ilə Google arasında yeni razılaşma əldə olunub. Razılaşmaya əsasən, Pentagon artıq Google-un süni intellekt sistemlərindən məxfi şəbəkələrdə istifadə edə biləcək və bu istifadə “qanuni olan bütün sahələri” əhatə edir.
        Bu addım Anthropic şirkətinin eyni şərtlərlə əməkdaşlıqdan imtina etməsindən sonra atılıb. Anthropic süni intellektin daxili kütləvi nəzarət və avtonom silah sistemlərində istifadəsinə qarşı çıxaraq daha sərt məhdudiyyətlər tələb etmişdi. Pentagon isə daha geniş və məhdudiyyətsiz istifadə imkanları istəyirdi.
        Məhz bu fikir ayrılığı nəticəsində Pentagon Anthropic-i “təchizat zənciri riski” kimi qiymətləndirib. Bu status adətən xarici rəqiblər üçün istifadə olunsa da, məsələ artıq hüquqi müstəviyə keçib. Tərəflər arasında davam edən məhkəmə prosesində hakim yaxın zamanda Anthropic-in lehinə müvəqqəti qərar çıxararaq bu statusun tətbiqini dayandırıb.
         Anthropic-in geri addım atmaması digər texnologiya şirkətləri üçün fürsət yaradıb. OpenAI və xAI artıq Pentagon ilə əməkdaşlığa başlayıb, Google isə bu sıraya qoşulan son şirkət olub.
        Bununla belə, Google-un müqaviləsində süni intellektin daxili kütləvi nəzarət və ya avtonom silahlarda istifadə olunmaması ilə bağlı müəyyən ifadələr yer alsa da, bu maddələrin hüquqi baxımdan nə dərəcədə məcburi olduğu hələ də qeyri-müəyyən qalır.
        Qərar şirkət daxilində də narazılıq yaradıb. Təxminən 950 Google əməkdaşı açıq məktub imzalayaraq şirkəti Anthropic-in mövqeyini dəstəkləməyə və Pentagon ilə əməkdaşlıqda daha sərt etik çərçivələr tətbiq etməyə çağırıb. Şirkət isə bu çağırışlara hələlik rəsmi cavab verməyib.
    Paylaş