Logo
    main-post-cover

    Google şirkəti Veo adlı video tərtibatı alqoritmini təqdim edib (VİDEO)

    Süni İntellekt
    15.05.2024
    Emil
         Google şirkəti OpenAI tərəfindən 3 ay bundan öncə təqdim edilmiş Sora adlı neyron şəbəkəsinin Google I/O 2024 konfransı çərçivəsində rəqibini təqdim edib. Təqdim edilmiş neyron şəbəkə Veo adlanır. O da Sora kimi mətn formatında təsvirlər əsasında keyfiyyətli videoların tərtibatı üçün nəzərdə tutulub. Məlumata əsasən Veo müxtəlif vizual və kinematoqrafik üslublardan istifadə edərək 1 dəqiqəlik xronometraja sahib Full HD keyfiyyətli videolar tərtib edə bilir. Google bildirib ki, Veo adlı bu yeni neyron şəbəkə təbii dilin təkmilləşmiş səviyyədə qavranışı imkanına sahibdir. Bunun sayəsində Veo “timelapse” və “mənzərənin göydən çəkilişi” kimi kinematoqrafik terminləri anlaya bilir.
         İstifadəçilər lazımi nəticənin əldə olunması yolunda mətn formatında təsvirlərdən əlavə olaraq foto və videolardan da istifadə edə bilərlər. Belə ki, onlar Veo-ya müxtəlif foto və videoları göndərərək tələb olunan yeni videonu əldə edəcəklər. Bununla yanaşı istifadəçilər tərtib edilmiş videoları əlavə sorğular vasitəsilə ayarlaya da biləcəklər. Bunu tərtib olunmuş videoların kiçik redaktəsi də adlandırmaq olar. Veo hələ ki, adi istifadəçilər üçün istifadəyə verilmir. Bu mövzuda bir qədər gözləmək lazım gələcək. Google Veo-nun ilkin versiyasının testinə məhdud sayda kontent yaradıcısını dəvət edir. Məlumata əsasən Google Veo-nun bəzi funksiyalarını gələcəkdə hətta YouTube Shorts-a da inteqrasiya edə bilər.
    Paylaş