Logo
    Google-un Gemini çatbotu ilə səfər planlayan 3 yürüşçü xilas edilib

    Google-un Gemini çatbotu ilə səfər planlayan 3 yürüşçü xilas edilib

        Kaliforniyadakı Şasta dağına yürüşə çıxan 3 gənc yürüşçü xilas edilib. Onlar səfəri planlaşdırmaq üçün “Google” şirkətinin “Gemini” süni intellekt çatbotundan yararlanıblar. Yürüşçülər Azərbaycan vaxtı ilə saat 14-də yola çıxıb və daha sonra xilasedicilər tərəfindən tapılıblar. Hadisə marşrut hazırlayarkən yalnız süni intellektin məsləhətlərinə güvənməyin riskini yenidən gündəmə gətirib.
        Siskiyou dairəsi şerif idarəsinin hesabatına əsasən, yürüşçülər Azərbaycan vaxtı ilə saat 14-də yola düşüblər. Dağa qalxanlara zirvəyə saat 23-dək çatmadıqda geri qayıtmaq tövsiyə olunur. Ancaq qrup bu vaxtı keçib və zirvəyə yalnız ertəsi gün saat 06-da çata bilib. Nəticədə 8 saat davam etməsi planlaşdırılan qalxma bir neçə günlük təhlükəli səfərə çevrilib.
        3 nəfər daha sonra qaranlıqda dağdan enməyə çalışıb. Düzgün istiqaməti öyrənmək üçün şerif idarəsinə zəng ediblər. Yürüşçülər gecəni dağdakı “Mud Creek Canyon” ərazisində keçirməli olublar və səfər növbəti günə qədər uzanıb. Ertəsi gün Meşə Xidmətinin mühafizəçiləri və könüllülər onları taparaq təhlükəsiz yerə çatdırıblar.
        Şerif idarəsinin bildirdiyinə görə, “Gemini” qrupa lazım olduğundan xeyli az qida və su götürməyi məsləhət görüb. 8 saat üçün planlaşdırılan qalxma bir neçə gün davam etdiyindən bu çatışmazlıq daha ciddi risk yaradıb. Bununla belə, bütün yanlış qərarların çatbotun məsləhətləri ilə bağlı olub-olmadığı məlum deyil. Səlahiyyətlilər səfərdən əvvəl Şasta dağı üzrə yerli Meşə Xidməti məntəqəsi ilə əlaqə saxlamağı, marşrutu yoxlamağı və yalnız süni intellektə güvənməməyi tövsiyə edirlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...