Google-un süni intellekt çiplərinə tələbat o qədər artıb ki, şirkətin özü çatışmazlıq yaşayır
Süni İntellekt
18.05.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Google uzun illərdir süni intellekt sahəsində ən güclü infrastrukturlardan birini qurub. Şirkət özünün TPU (Tensor Processing Unit) adlı süni intellekt çiplərini hazırlayır və bu çiplər artıq təkcə Google-un daxili layihələrində deyil, həm də digər böyük şirkətlər tərəfindən istifadə olunur. Ancaq görünür, bu uğur indi Google üçün yeni problem yaradıb.
Bloomberg-in məlumatına görə, artıq Google-un öz süni intellekt tədqiqatçıları, o cümlədən Google DeepMind komandaları TPU hesablama gücünə çıxış əldə etmək üçün növbəyə dayanırlar. Səbəb isə Google-un böyük həcmdə resursları xarici müştərilərə ayırmasıdır. Məlumata əsasən, Google Anthropic şirkətinə 5 il ərzində 5 giqavatlıq TPU gücü və 1 milyona qədər yeddinci nəsil Ironwood çipi təqdim etməyi planlaşdırır. Bundan əlavə, Broadcom vasitəsilə Anthropic üçün əlavə 3,5 giqavat TPU gücü də ayrılıb. Anthropic isə açıq şəkildə bildirib ki, Google TPU infrastrukturu onların gələcək AI modellərinin hazırlanması və işlədilməsi üçün əsas platformadır.
Google-un digər böyük TPU müştərilərindən biri isə Meta-dır. Şirkət bu il TPU istifadəsi ilə bağlı Google ilə əməkdaşlığa başlayıb. Nəticədə xarici müştərilərə ayrılan bu resurslar Google-un daxili AI komandaları üçün əlçatan hesablama gücünü azaldır.
Paylaş