Google-un süni intellektə böyük investisiyaları bulud biznesinin sürətli böyüməsi ilə özünü doğruldurur
Süni İntellekt
23.07.2026
Sevinj
Alphabet-in süni intellektə ayırdığı böyük xərclərin qarşılığını verib-vermədiyi ilə bağlı investorların narahatlığı son maliyyə nəticələrindən sonra bir qədər azala bilər. Şirkətin açıqladığı göstəricilər Google Cloud biznesinin, xüsusilə korporativ AI həllərinə artan tələbat sayəsində sürətlə böyüdüyünü göstərir. Google Cloud-un gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 82 % artaraq 24,8 milyard dollara çatıb. Bu göstərici əvvəlki rübdə qeydə alınan 63%-lik illik artımdan da yüksəkdir. Eyni zamanda, nəticə analitiklərin 22,46 milyard dollarlıq gözləntisini də əhəmiyyətli dərəcədə üstələyib.
Google CEO-su Sundar Pichai bildirib ki, şirkətin AI investisiyaları biznesin bütün sahələrində yeni imkanlar yaradır və şirkət bu istiqamətdə güclü dinamika nümayiş etdirir. Google-un AI çatbotu Gemini-dən istifadə də artmaqda davam edir. Şirkətin məlumatına görə, Gemini tətbiqinin aylıq aktiv istifadəçilərinin sayı 950 milyona çatıb. 2025-ci ilin dördüncü rübündə isə bu göstərici 750 milyon idi.
Bununla belə, Google-un AI sahəsindəki xərcləri hələ də olduqca yüksəkdir. Şirkətin məlumat mərkəzlərinin tikintisi, çiplərin alınması və infrastrukturun genişləndirilməsi üçün kapital xərclərinin bu il 180-190 milyard dollar arasında olacağı gözlənilir. Analitiklər də şirkətin rəhbərliyinə bu böyük investisiyaların nə vaxt və hansı həcmdə gəlir gətirəcəyini soruşublar. Pichai isə 2027-ci il üçün hesablama gücünə investisiyaların şirkətin artan tələbat göstəricilərinə əsaslandığını bildirib. Onun sözlərinə görə, uzunmüddətli müqavilələrə olan maraq güclüdür və bazardakı vəziyyət təxminən bir il əvvəllə müqayisədə daha sağlam görünür.
Paylaş
